Bakıda cüdo üzrə Avropa ümidlərinin turniri və Kodokan ekspertlərinin texniki sessiyası keçiriləcək.
İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqı (EJU) ötən həftəsonu Türkiyənin Kocaeli şəhərində baş tutan oxşar tədbiri xatırladaraq, Bakıda keçiriləcək toplantıdan gözləntilərini bölüşüb.
EJU-nun məlumatına görə, Kocaelidə 450-dən çox uşaq Avropa cüdo ümidləri turnirinə və Kodokan ekspertləri Misato Nakamura və Telma Monteyro ilə keçirilən texniki sessiyalara qatılıb: "Bu, böyük uğur idi və belə tədbirlərin təməli qoyuldu.
Proqram hələ başlanğıc mərhələsində olsa da, maraq və təşkilatçılıq federasiyaların və klubların yeni nəsli cüdoya hazırlamaq səylərinin göstəricisidir. Gənc cüdoçular Avropanın hər yerindən həmyaşıdları ilə tanış olmaqla yanaşı, dünya səviyyəli məşqçilərdən öyrənir və illərin təcrübəsinə malik elit idmançılarla görüşürlər.
Növbəti dayanacaq Azərbaycandır. 2026-cı il dünya çempionatının ev sahibi olacaq bu ölkə artıq gənc nəslin inkişafına diqqət ayırır və keçirəcəyi Avropa ümidləri turniri və Kodokan ekspertlərinin texniki sessiyası üçün bütün qonşularını, eləcə də Avropadakı dostlarını Bakıya dəvət edir".
Qeyd edək ki, tədbir iyulun 26-27-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.
İdman.biz