Elcan Hacıyev: “Son səkkiz ayda bu an üçün çalışmışam”

Xəbərlər
18 İyun 2025 12:32
50
Elcan Hacıyev: “Son səkkiz ayda bu an üçün çalışmışam”

“Bəlkə də son səkkiz ayı məhz bu an üçün çalışaraq keçirmişəm”.

İdman.biz xəbər verir ki, bu sözləri Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu (90 kq) Elcan Hacıyev deyib.

Bürünc medal uğrunda görüşdə estoniyalı Kristofer Kalyulaidi məğlub edən ötən ilin Avropa çempionu nəticənin əhəmiyyətindən danışıb: “Çox xoşbəxtəm, baxmayaraq ki, buraya qızıl medal üçün gəlmişdim. Amma bürünc medala da razı qala bilərəm. Yarımfinalda Qoki Tacima ilə döyüş çox çətin keçdi. Mən ipponla qalib gəlmək istəyirdim, vadza-ari ilə yox. Amma rəqibim - ötən ilin dünya çempionu - məni fənddə yaxaladı. Onun bu fəndi bir neçə dəfə etməyə çalışdığını görmüşdüm, amma bu dəfə qarşısını ala bilmədim. Görüşdən sonra, bəlkə də, iki saat ağladım. Hiss edirdim ki, bu görüş mənim xeyrimə nəticələnə bilərdi. Amma məşqçilərimin sayəsində özümə gəldim və bürünc medal uğrunda qarşılaşmaya çıxdım”.

Olimpiadadan sonra çiyin və dizindən iki dəfə əməliyyat olunduğunu deyən Hacıyev reabilitasiya dövründən də danışıb: “Səkkiz-doqquz ay məşq etməyə icazəm yox idi, yalnız çiyin və diz üzərində çalışmağa icazə verilmişdi. Sonra isə çox ağır məşqlər başladı. Əvvəlki kimi deyildi, çünki normal hazırlıq olmadığından çəkim 105 kiloqrama qədər qalxmışdı! Ona görə də, Düşənbədə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazandıqdan sonra bu günkü nəticə çox yaxşıdır”.

O, komanda yoldaşlarının ona motivasiya verdiyini də vurğulayıb: “Hidayət Heydərov bir ildə Avropa, dünya və Olimpiya çempionu oldu və o, mənə həmişə böyük motivasiya verir. Bu gün bizim digər Olimpiya və dünya çempionumuz Zelim Kotsoyev çıxış edəcək, ümid edirəm ki, o, qızıl medal qazanacaq”.

İdman.biz