Azərbaycanın cüdo üzrə olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinqində mövqelərini itirməkdə davam edirlər.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) oktyabrın 19-na olan vəziyyətə görə dünya reytinqini yeniləyib.
2024-cü il Olimpiya çempionu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatındakı uğursuz çıxışından sonra reytinqdə 20-ci pilləyə geriləmişdi. Yenilənmiş siyahıda isə cüdoçumuz daha altı mövqe itirərək 1583 xalla 26-cı sıraya düşüb. Eyni çəki dərəcəsində Bakıda keçirilən dünya çempionatının bürünc medalçısı Rəşid Məmmədəliyev 4528 xalla dördüncü pillədəki yerini qoruyub.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev də (100 kq) Bakıdakı dünya çempionatını medalsız başa vurub. O, bir pillə geriləyərək 2544 xalla 13-cü sırada qərarlaşıb.
60 kq çəki dərəcəsində isə dünya çempionu Əhməd Yusifov 5355 xalla liderliyini davam etdirir. Balabəy Ağayev 4585 xalla ikinci pillədən üçüncü yerə düşüb. 66 kq-da mübarizə aparan Ruslan Paşayev isə 3220 xalla altıncı sıradan yeddinci yerə geriləyib.
Dünya çempionatının gümüş medalçısı Zelim Tçkayev 81 kq çəki dərəcəsində 4536 xalla liderliyini qoruyub. Bu çəkidə çıxış edən Ömər Rəcəbli də mövqeyini dəyişməyib. O, 3647 xalla altıncı yerdədir.
90 kq çəki dərəcəsində Murad Fətiyev 3836 xalla ilk üçlükdəki mövqeyini saxlayıb. Ağır çəkidə isə Uşanqi Kokauri 4452 xalla ikinci, Kənan Nəsibov 3920 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycanın qadın cüdoçuları arasında dünya reytinqində ən yüksək mövqedə Qültac Məmmədəliyeva yer alıb. O, 1625 xalla 24-cü sıradakı mövqeyini qoruyub.
