Azərbaycan cüdoçuları Asiya Açıq Turnirində 14 medal qazandılar - FOTO

18 Oktyabr 2026 20:58
114
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirində 14 medal qazandılar - FOTO

Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan cüdoçuları iki gün davam edən yarışı ümumilikdə 14 medalla tamamlayıblar.

Turnirin ikinci günündə təmsilçilərimiz bir qızıl, bir gümüş və dörd bürünc medal əldə ediblər.

Qadınların 70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Madina Kaisinova (+78 kq) isə gümüş medala sahib olub.

Canpolad Əliyev və Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (70 kq) bürünc medal qazanıblar.

Yarışın ilk günündə də Azərbaycan təmsilçiləri səkkiz medal əldə ediblər. Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş mükafata layiq görülüblər.

Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi 73 kq), həmçinin Gülnarə Bayramova (57 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Aktau turnirini bir qızıl, beş gümüş və səkkiz bürünc olmaqla 14 medalla başa vurublar.

İdman.Biz