Avropa Cüdo İttifaqı (EJU) Budapeştdə keçirilən dünya çempionatında 90 kq çəkidə qüvvələr balansını qiymətləndirərək, Azərbaycan idmançısı Elcan Hacıyevdən bəhs edib.
İdman.biz xəbər verir ki, qurum iyunun 13-dən 19-dək Macarıstanın paytaxtında keçiriləcək dünya çempionatında bu kateqoriyada iki cüdoçumuz - Elcan Hacıyev və Vüqar Talıbovun adlarını qeyd edib.
Bildirilib ki, Avropa çempionu Elcan Hacıyevin zədəsinin müalicəsi bir qədər vaxt aparıb: “Lakin indi o, qayıdıb, döyüşür və formadadır. O, bunu Düşənbədə "Böyük Dəbilqə" yarışında sübut edib və qızıl medal qazanıb. Finalda Elcan komanda yoldaşı Vüqar Talıbovla üz-üzə gəlib".
Qeyd edək ki, çəkinin əsas favoritləri Gürcüstandan olan ikiqat Olimpiya çempionu Laşa Bekauri və Yay Oyunlarının gümüş mükafatçısı yaponiyalı Sanşiro Muraodur.
İdman.biz