“Hidayət Heydərov dünya reytinqində öz çəkisində birinci yerdədir. Biz ondan ancaq qələbələr gözləyirik”.
Bunu İdman.biz saytına Azərbaycan cüdoçusu Hidayət Heydərovun Monpelyedə 3-cü dəfə Avropa çempionu olmasına münasibət bildirən gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, 26 yaşlı idmançının qitə çempionatında uğurunu yüksək qiymətləndirib. Qayıbov qeyd edib ki, Heydərov növbəti Olimpiadada medal ümidlərimizdən biri hesab olunur: “Təbii ki, hər dəfə qalib olmaq da ona bir idmançı kimi çətindir. Amma Hidayət çox güclü cüdoçudur. Ona inanırıq. Hamımız sevindik ki, idmançımız üçüncü dəfə Avropa çempionu tituluna layiq görüldü. Paris-2024 Yay Olimpiya Oyunlarına 1 ildən az vaxt qalıb. Bizim medal ümidlərimizdən biri Hidayət Heydərovdur. Ona uğurlar və ən əsası sağlamlıq arzulayıram. Heydərovdan Fransada yenə himnimizi səsləndirməsini gözləyirik”.
Qeyd edək ki, Heydərov Fransada keçirilən Avropa çempionatının finalında ispaniyalı Salvador Kases Rokanı məğlub edərək, üçüncü dəfə qitənin ən güclüsü adına yiyələnib. Cüdoçumuz 2017-ci ildə Varşavada, 2022-ci ildə isə Sofiyada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdman.biz