Azərbaycan “Böyük Dəbilqə”ni 2 bürünc medalla başa vurub

Xəbərlər
26 Oktyabr 2023 14:27
204
Azərbaycan “Böyük Dəbilqə”ni 2 bürünc medalla başa vurub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə keçirilən “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin 4 idmançısı tatamiyə çıxıb və onlar yarışı mükafatsız başa vurublar.

“Böyük Dəbilqə”
Kişilər

90 kq
Vüqar Talıbov ilk görüşünü Cahongir Macidova (Tacikistan) qarşı keçirib. Qələbə qazanan idmançı 1/8 finalda Mixail İqolnikovla (AİN) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Talıbov ardınca Tristani Mosaxlişviliyə (İspaniya) uduzub.

Təsəlliverici görüşə qatılan Vüqar burada da qələbə qazana bilməyib. O, Giorgi Cabniaşvili (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

Elcan Hacıyev 1/16 finalda ispaniyalı Daniel Trinidadla üz-üzə gəlib. Görüşü aktivinə yazan yığma üzvü növbəti qarşılaşmasında avstriyalı Tomas Şarfetterlə gücünü yoxlayıb. Lakin rəqib üstün olduğundan həmyerlimiz 1/8 finalda "Böyük Dəbilqə"də çıxışını başa vurub.

+100 kq
Uşanqi Kokauri 1/16 finalda Yerassil Kajibayevlə (Qazaxıstan) güləşib və rəqibini mübarizədən kənarlaşdırıb. Cüdoçu ikinci görüşündə Uça Tabatadze (Gürcüstan) ilə qarşılaşmada da sevinən tərəf olub. 1/4 finalda Erik Abravova (Almaniya) uduzan Kokauri təsəlliverici görüşdə Jell Snippe (Niderland) ilə də bacarmayıb.

Camal Qamzatxanovun rəqibi çexiyalı Lukas Krpalek olub. Təmsilçimiz startda uduzaraq, yarışla vidalaşıb.

Beləliklə, millimiz yarışı 2 bürünc medalla başa vurub. "Böyük Dəbilqə"nin ilk 2 günündə Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) 3-cü yeri tutub.

İdman.biz