Elxan Məmmədov: “Dünya çempionatının qızıl medalı böyük uğurdur”

Xəbərlər
6 Oktyabr 2023 09:47
102
Elxan Məmmədov: “Dünya çempionatının qızıl medalı böyük uğurdur”

“Vüsal Qələndərzadə çox gözəl güləş nümayiş etdirdi. Rəqibə imkan vermədən hər dəfə onu qabaqladı və nəzarət altında saxlayaraq qələbə qazandı”.

Bunu İdman.biz saytına gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Məmmədov deyib.

O, Portuqaliyanın Odivelaş şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Vüsal Qələndərzadənin (73 kq) çıxışını dəyərləndirib. Məmmədov bildirib ki, 5 illik fasilədən sonra Azərbaycanın mundialda himninin səslənməsi böyük uğurdur: “Bu, Vüsalın gənclərin yarışında artıq 2-ci uğurudur. O, ötən il Avropa çempionu tituluna da yiyələnib. Dünya çempionatının qızıl medalı böyük uğurdur”.

Təcrübəli mütəxəssis Nizami İmranovun (60 kq) finalda yaponiyalı Yamato Fukudoya məğlubiyyətinin səbəbini isə belə izah edib: “Təcrübəsinin olmaması rəqibin qalib gəlməsi ilə nəticələndi. Çünki yaponiyalı idmançı artıq böyüklər arasında da öz sözünü deməyə başlayıb. Bu il də Qran-pri yarışının qalibi olub. Nizami isə gəncdir, 17 yaşı var Bu yaşda dünya çempionatında gümüş qazanmaq sıradan bir şey deyil. Onun böyük gələcəyi var”.

Qeyd edək ki, dünya çempionatında aktivində 1 qızıl və 1 gümüş medal olan milli komandamız siyahıda üçüncü yerdədir.

Emin Ağa

İdman.biz