Bu gün Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, ilk yarış günündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qızlarda 48 və 52 kq-da, oğlanlarda 60 və 66 kq-da olan cüdoçular mübarizə aparıblar. İlk gündə 5 cüdoçumuz tatamiyə çıxıb.
Onlardan Nizami İmranov finalda yaponiyalı rəqibinə uduzaraq gümüş medal əldə edib. Bu, mundialda Azərbaycan yığmasının ilk mükafatı olub. Könül Əliyeva isə çempionatı 5-ci pillədə başa vurub.
Dünya çempionatı
4 oktyabr
Oğlanlar
60 kq
Nizami İmranovun ilk görüşü 1/16 final çərçivəsində baş tutub. O, bu mərhələdə Sanq-Vu Oha (Cənubi Koreya) qalib gəlib. İmranov ikinci qarşılaşmasında Yohan Qomeslə (Kolumbiya) üz-üzə gəlib. İdmançımız bu görüşü də aktivinə yazaraq, adını 1/4 finala yazdırıb. Nizami qələbə seriyasını növbəti görüşdə də davam etdirib. O, qazaxıstanlı Aman Bakitjana gücünü göstərib. Avropa çempionumuz yarımfinalda gürcüstanlı Kako Çapurişvili ilə qüvvəsini sınayıb. İmranov bu dəfə də inamlı təsir bağışlayıb və qələbəyə sevinib.
O, finalda yaponiyalı Yamako Fukuta ilə üz-üzə gəlib. Finalda güclü rəqibinə uduzan Nizami İmranov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
66 kq
İlk mərhələdən azad olan Aydın Rzayev Valerio Akkoqli (İtaliya) ilə güləşib. Görüşdən üstün ayrılan cüdoçu 1/16 finala vəsiqə qazanıb. O, 1/4 finala gedən yolda Vilyar Lipardla (Estoniya) münasibətinə aydınlıq gətirib. Bu dəfə rəqib mərhələ adladığından Rzayev mundialı vaxtından əvvəl başa vurub.
Qızlar
48 kq
İlk mərhələdən azad olan Könül Əliyeva yarışa 1/16 finaldan qoşulub. O, ilk görüşündə kanadalı Heyde Quaçla üz-üzə gəlib və tatamidən qalib ayrılıb. Əliyeva ardınca Ribeka Koşeqini (Macarıstan) məğlub etsə də, 1/4 finalda Sila Ersinə (Türkiyə) uduzub.
Əliyeva təsəlliverici görüşdə monqolustanlı Nandin-Erdene Myaqmarsurenlə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb. O, bürünc medal uğrunda yarışa neytiral idmançı kimi qatılan Kristina Dudina ilə mübarizə aparıb. Təmsilçimiz məğlub olaraq, çempionatı 5-ci pillədə başa vurub.
52 kq
Yığmamızın lideri Xədicə Qədəşova 1/32 finalda isveçrəli Binta Ndiayeni sınağa çəkib. Təəssüf ki, cüdoçumuz məğlubiyyətə üzülüb və yarışla vidalaşıb.
Bu çəkidə digər cüdoçumuz Aydan Vəliyeva da komanda yoldaşı kimi eyni mərhələdən mübarizəyə qoşulub. O, startda monqolustanlı Ariunzaya Terbişlə güləşib. Döyüş Vəlieyanın qələbəsi ilə başa çatıb. Təmsilçimiz ardınca Arujan Yerejepova (Qazaxıstan) yarışdan kənarlaşdırıb. Aydan 1/8 finalda Karina Klaus-Sternvieserlə (Avstriya) qarşılıb və məğlubiyyətə üzülüb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 7-də yekun vurulacaq.
Emin Ağa
İdman.biz