Azərbaycan millisi Sindao Qran-prisini dörd medalla başa vurdu - YENİLƏNİB + FOTO/VİDEO

28 İyun 2026 15:13
786
Azərbaycan millisi Sindao Qran-prisini dörd medalla başa vurdu - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirinin son yarış günündə çıxışlarını başa vurublar.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev turnirdə bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək fəxri kürsüyə yüksəlib.

Fətiyev yarışa uğurla başlayıb. O, rusiyalı David Karapetyanı yuko xalı ilə üstələyərək 1/4 finala yüksəlib. Bu mərhələdə Özbəkistan təmsilçisi Nurbek Murtuzoyevə məğlub olan idmançımız təsəlliverici görüşdə Çin cüdoçusu Qi Hana ipponla qalib gəlib və bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

+100 kq-da çıxış edən Camal Qamzatxanov isə turniri beşinci pillədə başa vurub. O, italiyalı Silven Lorenso Aqroya ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə məğlub olan Qamzatxanov təsəlliverici görüşdə Avstriya təmsilçisi Stefan Heqyini ipponla üstələyib. Lakin bürünc medal uğrunda qarşılaşmada ikiqat dünya və Olimpiya çempionu Lukaş Krpalekə məğlub olub.

Eyni gündə 90 kq-da mübarizə aparan Aslan Kotsoyev 1/16 finalda Belarus təmsilçisi Yaqor Varapayevə uduzaraq turnirlə vidalaşıb. +100 kq-da çıxış edən Uşanqi Kokauri isə 1/8 finalda Rusiya idmançısı Tamerlan Başayevə məğlub olub.

Xatırladaq ki, Sindao Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifovla aktivinə bürünc medal yazdırıb. Yarışın ikinci günündə isə təmsilçimiz Zelim Tçkayev (81 kq) qızıl, eyni çəkidə mübarizə aparan Hidayət Heydərov isə bürünc medal qazanıb.

57 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.

13:11

Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində cüdoçumuz Murad Fətiyev (90 kq) bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, cüdoçumuz üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək turniri mükafatla başa vurub.

10:35

Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində cüdoçumuz Murad Fətiyev (90 kq) təsəlliverici görüşdə Çin idmançısı Qi Hana ipponla qalib gələrək bürünc medal qarşılaşmasında iştirak haqqı qazanıb.

09:59

Cüdoçumuz Camal Qamzatxanov (+100 kq) Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində təsəlliverici görüşdə Avstriya idmançısı Stefan Heqyiyə ipponla qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

09:42

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində təmsilçimiz Murad Fətiyev (90 kq) 1/4 finalda Özbəkistan təmsilçisi Nurbek Murtuzoyevə məğlub olub. Cüdoçumuz təsəlliverici görüşə çıxacaq.

09:20

Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirinin son yarış günündə mübarizə aparan cüdoçumuz Camal Qamzatxanov (+100 kq) 1/4 finalda məğlubiyyətlə üzləşib. Cüdoçumuz təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

09:02

Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirinin son yarış günündə uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov italiyalı Silven Lorenso Aqroya ipponla qalib gələrək 1/4 finala yüksəlib.

90 kq-da çıxış edən Murad Fətiyev də növbəti mərhələyə adlayıb. O, ikinci qarşılaşmasında rusiyalı David Karapetyanı yuko xalı ilə üstələyərək adını 1/4 finala yazdırıb.

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Aslan Kotsoyev isə 1/16 finalda Belarus təmsilçisi Yaqor Varapayevə məğlub olaraq turnirlə vidalaşıb.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Uşanqi Kokauri 1/8 finalda Rusiya idmançısı Tamerlan Başayevə məğlub olaraq çıxışını başa vurub.

İdman.Biz