Nicat Şıxəlizadə: “Ondan bu cür döyüş gözləmirdim”

Müsahibə
25 Sentyabr 2023 14:35
286
Nicat Şıxəlizadə: “Ondan bu cür döyüş gözləmirdim”

“Bu, həqiqətən də “Böyük Dəbilqə” yarışı üçün yüksək nəticədir. Bu uğuru komandanın yüksək hazırlığı sayəsində əldə etdik”.

Bunu İdman.biz saytına Azərbaycan milli komandasının sabiq cüdoçusu Nicat Şıxəlizadə deyib.

O, Bakıda keçirilən “Böyük Dəbilqə”də yığmanın çıxışını dəyərləndirib. Şıxəlizadə bildirib ki, turnirdə komandamız daha çox medal qazanmaq gücündə olub: “Mükafatların, xüsusilə də qızıl medalların sayı daha da çox ola bilərdi. 60 kq-da nəticə əldə etmək mümkün idi. Hətta ağır çəkidə də medalımız ola bilərdi. Amma bu, idmandır. Yəqin ki, onların medal qazanmamasının səbəblərini milli komandanın məşqçiləri daha yaxşı bilirlər”.

O, bir vaxtlar özünün döyüşdüyü 66 kq-da Yaşar Nəcəfovun uğurlu çıxışını da şərh edib: “Bu çəkidə reytinqdə öndə olan idmançılar da bu yarışda iştirak edirdi. Buna baxmayaraq, Yaşar gözəl güləş nümayiş etdirdi. Bizləri də sevindirdi. Ümid edirəm ki, bu cür davam etsə və formada qalsa, Yaşar qarşıdan gələn Avropa çempionatında da yüksək nəticə əldə edə bilər. O, Orxan Səfərovdan sonra 66 kq-da lider olan idmançılarımızdan biridir”.

Yeniyetmələrdən ibarət millidə məşqçi kimi çalışan veteran cüdoçunu təəccübləndirən Zelim Tçkayevin çıxışı olub: “Çox möhtəşəm güləş göstərdi, əzmkarlıq nümayiş etdirdi. Ondan medal gözləyirdik, amma həqiqətən bu cür döyüş gözləmirdim. Əhsən ona, çox təəccübləndirdi, Tçkayevi izləmək çox xoş oldu. Komandamıza qarşıda gələn böyük yarışlarda uğurlar arzulayıram. İnşallah, ardı gələcək. Çünki federasiyanın, milinin məşqçilərinin gördüyü işlər göz qabağındadır”.

Qeyd edək ki, “Böyük Dəbilqə”də Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıb.

Emin Ağa

İdman.biz