İlk dünya çempionumuz: “Uğurun arxasında tək Hidayət durmur”

Müsahibə
22 May 2024 15:48
456
İlk dünya çempionumuz: “Uğurun arxasında tək Hidayət durmur”

“Hidayət Heydərovun çempionluğuna hamımız sevinirik”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq cüdoçusu Elxan Məmmədov deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatında Hidayət Heydərovun (73 kq) qızıl medal qazanmasını dəyərləndirib. Bu yarışadək Azərbaycanın cüdoda yeganə dünya çempionu bildirib ki, qələbə böyük bir işin göstəricisidir: “Hidayətin bu qələbəsinə bütün cüdo ailəsini sevinir. Onun 11 ildən sonra mundailda Azərbaycan himnini səsləndirməsi böyük bir uğurdur. İlk dünya çempionu mən idimsə, 11 ildən sonra bunu Hidayət bacarıbsa, bu, dünya çempionatlarının nə qədər dramatik və gərgin keçdiyinin göstəricisidir. Yəni dünya çempionatı sıradan bir yarış deyil. Olimpiya və dünya çempionatında nəticə vermək böyük uğurdur. Mundialda bir çəkidə aparıcı ölkələrin iki idmançısı iştirak edə bilər. Bu da rəqabətin artmasına səbəb olur. Qələbə böyük bir işin nümunəsidir. Təbii ki, çempionluğun arxasında tək Hidayət durmur, əldə olunan nəticə böyük kollektivin əziyyətidir”.

O, Hidayət Heydərovun çempionluğuna əvvəldən də inandığını deyib: “Onun son bir ildəki forması hər şeyin əyani sübutu idi. Özü ilə danışanda da mənə dedi ki, bu il Avropa, dünya və Olimpiya çempionu olacam. Sevindirici haldır ki, o, istəyinin ikisinə nail olub. Yalnız Olimpiya çempionluğu qalıb. İnanırıq ki, Hidayət Olimpiada da qızıl medal qazanacaq. Düzdür, cüdoda hər şey ola bilər, hər saniyənin öz hökmü var. Hidayət dünya çempionatında yapon rəqibinə vazzari xalı ilə məğlub olurdu, lakin son 10 saniyədə döyüşün taleyini dəyişdi. Cüdo səhvi sevmir. Sən daim ona qarşı məsuliyyətli və hazırlıqlı olmalısan. Hidayətə isə arzumuz Olimpiya qızılını qazanmasıdır. Ümid edirik ki, hər şey yaxşı olacaq və Hidayət Parisdən Vətənə qızıl medalla qayıdacaq”.

Qeyd edək ki, Heydərov finalda yaponiyalı Tatsuki İşiharaya qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: