Elxan Məmmədov: “4 qızıl medal sıradan bir şey deyil”

Müsahibə
26 Mart 2024 12:23
252
Elxan Məmmədov: “4 qızıl medal sıradan bir şey deyil”

“Bremen Masters” çox maraqlı oldu. Adətən bu turnirdə daha çox Avropa ölkələri çıxış edir, amma bu dəfə Braziliya, Yaponiya, Özbəkistan və digər Asiya ölkələrindən də cüdoçular gəlmişdi”.

Bunu İdman.bizə cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov deyib.

42 yaşlı mütəxəssis yığmamızın Almaniyada “Bremen Masters”də çıxışını dəyərləndirib. O bildirib ki, gərgin keçən yarışda 4 qızıl və 3 bürünc medal əldə edərək komanda hesabında birinci olmaq inkişafdan xəbər verir: “Ötən il 2 qızıl, 1 gümüş və 1 bürünc mükafatla hamını qabaqlamışdıq. Amma turnirə bu dəfə daha güclü heyətlə qatılmışdıq. Bəzi idmançılar məni sevindirdi. Təbii ki, ümidləri doğrultmayanlar da oldu. İl təzə başlayıb. Bu da normal haldır. Braziliya və Özbəkistan bu yarışa tam heyətlə qatılmışdı. Yaponiyada ağır çəkilərdə aparıcı idmançıları çıxış etmirdi. Demək olar ki, hər çəkidə bu yarışda medal qazandıq. 100 kq-da bizi heç kim təmsil etmirdi. Yalnlz 81 kq-da boşluq var. Axtarışdayıq. Tez bir zamanda bunu həll edəcəyimizi düşünürük. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, nəticəmiz çox yaxşıdır. 4 qızıl sıradan bir şey deyil”.

Qeyd edək ki, “Bremen Masters”də cüdoçularımızdan Məhəmməd Musayev (66 kq), Süleyman Əliyev (73 kq), Aslan Kotsoyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Babarəhim Mirzəyev (60 kq), İslam Rəhimov (66 kq) və Tuncay Şamil (90 kq) üçüncü yeri tutublar.

Emin Ağa
İdman.biz

Məqalədə: