Cüdo üzrə aparıcı ölkələrdən bir neçəsi artıq oktyabrın 4-11-də Bakıda keçiriləcək dünya çempionatı üçün heyətlərini açıqlayıb. Fransa və Yaponiyadan sonra Niderland yığması da ilin əsas turniri üçün iştirak ərizəsini təqdim edib.
İdman.Biz xəbər verir ki, Bakıda Niderlandı 14 cüdoçu təmsil edəcək.
Kişilərin yarışında Tornike Tsakadoa (60 kq), Emil Yansen (66 kq), Yorre Verstraten (73 kq), Frank de Vit (81 kq), Noel van't End (90 kq), Mixael Korrel (100 kq) və Yur Speykers (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə Amber Gersyes (48 kq), Naomi van Krevel (52 kq), Sanne van Dayk (57 kq), Pleunis Bukema (63 kq), Hilde Yager (70 kq), Quusye Stenheys (78 kq) və Marit Kamps (+78 kq) heyətə daxil edilib.
Yığmanın baş məşqçisi Mark van der Ham bildirib ki, idmançılar Dünya Turunun mərhələlərində uğurlu çıxış ediblər və bu da Bakıya səfər ərəfəsində komandaya əlavə inam verir.
“Hazırlıq sistemimizi tamamilə yenidən qurduq və komandaya yeni ab-hava, yeni enerji gətirməyə çalışdıq. Dünya Turunun mərhələlərində əldə olunan uğurlar daha rahat məşq mühiti və birgə işimizin nəticəsidir. Komanda inkişaf etməyə davam edir və nəticələr bu kollektiv prosesin əksidir”, – deyə van der Ham vurğulayıb.
Hazırkı heyətdə kifayət qədər təcrübəli cüdoçular yer alıb. Onların sırasında 2019-cu ilin dünya çempionu Noel van't End (90 kq), dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı Mixael Korrel (100 kq), həmçinin Tokio Olimpiadasının bürünc mükafatçısı Sanne van Dayk (57 kq) da var.
Şübhəsiz ki, Niderlandın ümumi komanda hesabında yüksək yerlər uğrunda mübarizə aparması asan olmayacaq. Lakin komandanın medal planını yerinə yetirməsi kifayət qədər real görünür. Bundan əlavə, niderlandlılar qarışıq komandalar arasında dünya çempionatında da mükafat uğrunda mübarizə aparmağa iddialıdırlar.
