Artıq çəkilərin qiyməti: Hidayət Heydərov üçün narahatedici siqnal - İDMAN.BİZ-in İCMALI

20 İyun 2026 15:17
120
Artıq çəkilərin qiyməti: Hidayət Heydərov üçün narahatedici siqnal - İDMAN.BİZ-in İCMALI

Yüksək səviyyəli idmanda məğlubiyyətlər, zədələr, uğursuz püşkatmalar və ya görüş zamanı buraxılan səhvlər adi haldır. Amma elə məqamlar var ki, onlar idmançı üçün istənilən məğlubiyyətdən daha ciddi xəbərdarlıq sayılır. Hidayət Heydərovun yenidən çəki problemi səbəbindən tatamiyə çıxa bilməməsi məhz belə hallardandır.

İdman.Biz xəbər verir ki, "Paris-2024" Olimpiadasının çempionu, dünya çempionu və dördqat Avropa çempionu olan Hidayət Heydərov Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyib. Səbəb isə çəki limitinə düşə bilməməsi olub. Bu, 2026-cı ildə artıq ikinci belə hadisədir.

İlk oxşar hal fevralda Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində yaşanıb. Həmin vaxt da Heydərov çəkisini normaya sala bilmədiyi üçün yarışa buraxılmayıb. Bundan sonra Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun tədbirlər görüldüyünü açıqlamışdı. Ulan-Bator hadisəsi ilə bağlı hələlik rəsmi qərar verilməsə də, vəziyyətin təkrar olunmasının diqqətdən kənarda qalmayacağı şübhə doğurmur.

Əgər ilk hadisəni təsadüf, hazırlıq prosesindəki yanlış hesablamalar və ya çəki salma prosesindəki səhvlərlə izah etmək mümkün idisə, yarım il ərzində ikinci dəfə eyni problemin yaşanması artıq narahatedici tendensiyaya çevrilir. Üstəlik, söhbət beynəlxalq arenaya yeni çıxan gənc idmançıdan yox, 2024-cü ildə Avropa, dünya və Olimpiya çempionluqlarını qazanan bir idmançıdan gedir.

Məsələ təkcə bir turnirin buraxılması deyil. Ulan-Bator "Böyük Dəbilqə"si xüsusi əhəmiyyət daşıyırdı. Çünki məhz bu yarış "Los-Anceles-2028" Olimpiadasına aparan yolda reytinq xallarının toplanmasına start verən turnirlərdən biri hesab olunur. Yeni olimpiya dövründə hər qələbə, hər xal və hər yarış önəm daşıyacaq. Buna görə də ilk reytinq yarışını buraxmaq sadəcə medal şansını itirmək deyil. Bu, həm xal itkisi, həm tempdən geri qalmaq, həm də rəqiblərə müəyyən siqnal vermək deməkdir.

Şübhəsiz ki, Hidayətin ustalığı və potensialı hələ də öz yerindədir. Onun Tbilisidə keçirilən Avropa çempionatı-2026-da qazandığı gümüş medal bunu bir daha göstərdi. Bəli, finalda Laşa Şavdatuaşviliyə məğlub oldu. Lakin finala qədər irəliləməsi onun ən yüksək səviyyədə mübarizə aparmaq gücündə olduğunu təsdiqlədi. Burada əsas sual başqadır: Hidayət 2024-cü ildə onu dünyanın ən güclü cüdoçularından birinə çevirən intizam və həyat tərzinə yenidən qayıda biləcəkmi?

Heydərov tənqidçilərinə dəfələrlə tatami üzərində cavab verib. O, Qvadalaxarada qazandığı qələbədən sonra demişdi: “Dünən tənqid edirdilər, bu gün alqışlayırlar. Mən dəyişməmişəm, sadəcə tatami danışdı”. Bu, çempiona xas güclü ifadədir. Ancaq Ulan-Batorda tatami onun əvəzinə danışa bilmədi. Çünki idmançı çəki problemi səbəbindən yarışa çıxmayanda, müzakirə mövzusu emosiyalar yox, faktlar olur.

Məhz buna görə də Hidayət üçün əsas məsələ növbəti turnirdə qalib gəlməkdən daha geniş məna daşıyır. Ona 2024-cü ilin həmin “ac”, daim uğura can atan Hidayətini geri qaytarmaq lazımdır. Söhbət fiziki aclıqdan deyil, idmançını zirvəyə aparan motivasiya, intizam və qələbə istəyindən gedir.

Olimpiya qızılı çox vaxt idmançı üçün təkcə zirvə deyil, həm də ciddi sınaq olur. Böyük uğurdan sonra əvvəlki motivasiyanı, özünə qarşı tələbkarlığı və hər gün birinciliyini sübut etmək əzmini qorumaq daha çətinləşir. Azərbaycan idmanının tarixində də bunun nümunələri az olmayıb. Olimpiya çempionu olmaq çox çətindir, amma həmin zirvədə qalmaq bəzən daha çətin olur.

Heydərovun vəziyyəti düzəltmək üçün kifayət qədər vaxtı, istedadı və təcrübəsi var. Lakin yeni olimpiya dövrü artıq başlayıb və rəqiblər gözləməyəcək. Hazırlıq prosesinə yanaşma dəyişməzsə, problemlər təkcə Paris uğurunu təkrarlamaqla bağlı deyil, hətta Los-Ancelesə aparan yolun özündə də yarana bilər.

Hazırda Hidayətin əsas rəqibi nə yapon rəqibləridir, nə gürcü cüdoçularıdır, nə də 73 kq çəki dərəcəsinin digər liderləri. Onun ən ciddi rəqibi intizamdır. Olimpiya qızılı uğrunda növbəti mübarizəyə başlamazdan əvvəl məhz bu rəqib üzərində qələbə qazanmaq lazımdır.

İdman.Biz