Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar

19 İyun 2026 22:35
97
Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar

18 iyun 2026-cı il tarixində Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri Azərbaycan Cüdo Federasiyasında (ACF) olaraq federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək inkişaf planları ilə yaxından tanış olub.

İdman.Biz ACF-yə istinadən bildirir ki, görüşdə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Şahin İsmayılov, komitə sədrinin müavini, millət vəkili Könül Nurullayeva, komitənin üzvləri - millət vəkilləri Göydəniz Qəhrəmanov və Mahir Süleymanlı, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov iştirak ediblər.

Görüş zamanı qonaqlara Azərbaycan Cüdo Federasiyasının son illərdə həyata keçirdiyi institusional islahatlar, strateji inkişaf istiqamətləri və əldə olunan nəticələr barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, federasiya tərəfindən ölkədə cüdonun kütləviliyinin artırılması, regionlarda fəaliyyətin genişləndirilməsi, müasir idman infrastrukturunun yaradılması, məşqçi, hakim və digər idman mütəxəssislərinin hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Eyni zamanda, Azərbaycanın beynəlxalq cüdo arenasında qazandığı uğurlar, milli komandaların nəticələri, gənc istedadların inkişafına yönəlmiş proqramlar və təhsil layihələri barədə məlumat verilib. Federasiyanın beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu istiqamətdə görülən hazırlıq işləri də diqqətə çatdırılıb.

Görüş çərçivəsində ölkədə bədən tərbiyəsi və idman sahəsində qanunvericiliyin inkişaf perspektivləri, mövcud hüquqi bazanın təkmilləşdirilməsi imkanları, idman federasiyalarının fəaliyyətinin daha da gücləndirilməsi və gənc nəslin idmana cəlb olunmasının təşviqi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər idmanın davamlı inkişafının təmin olunmasında dövlət dəstəyi, effektiv idarəetmə, müasir hüquqi mexanizmlər və aidiyyəti qurumlar arasında əməkdaşlığın mühüm rol oynadığını vurğulayıblar.

Səmimi və konstruktiv şəraitdə keçən görüşün sonunda qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi, idman sahəsində qabaqcıl təcrübələrin tətbiqi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı razılıq ifadə olunub. Görüş iştirakçıları Azərbaycan idmanının, xüsusilə də cüdonun gələcək inkişafı istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Daha sonra Milli Məclisin Gənclər və İdman Komitəsinin nümayəndə heyəti Milli Komandaların Təlim-Məşq Mərkəzində yaradılmış şəraitlə tanış olub. Qonaqlara idmançıların hazırlıq prosesi, məşq zalları, bərpa və tibbi xidmət imkanları, həmçinin milli komandaların yüksək səviyyədə hazırlığının təmin edilməsi üçün yaradılmış müasir infrastruktur barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirərək, ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

İdman.Biz