Balabəy Ağayev təkcə Böyük Dəbilqəni qazanmadı, həm də Tbilisinin əvəzini çıxdı - İDMAN.BİZ-in İCMALI

19 İyun 2026 15:57
96
Balabəy Ağayev təkcə Böyük Dəbilqəni qazanmadı, həm də Tbilisinin əvəzini çıxdı - İDMAN.BİZ-in İCMALI

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Ulan-Batorda (Monqolustanın paytaxtda) keçirilən Böyük Dəbilqə turnirinin ilk gününün əsas qəhrəmanına çevrilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü 60 kq çəki dərəcəsində qızıl medal qazanaraq titullu rəqiblər üzərində bir neçə səs-küylü qələbəyə imza atıb.

Xüsusi əhəmiyyət daşıyan qarşılaşma 1/4 finalda Gürcüstan təmsilçisi, dünya və Avropa çempionu olmuş Georgi Sardalaşvili ilə görüş olub. Məhz bu rəqibə Ağayev apreldə Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında uduzmuşdu.

Həmin vaxt Azərbaycan cüdoçusu finala çıxmağa çox yaxın idi. Görüşün başa çatmasına 14 saniyə qalmış o, hesabda öndə olsa da, uzun video-təkrardan sonra hakimlər gürcü cüdoçuya xal veriblər. Bu qərar ciddi mübahisələrə səbəb olmuş, bir çox mütəxəssis və azarkeş Ağayevin hakim səhvi nəticəsində qələbədən məhrum edildiyini bildirmişdi.

Ulan-Batorda isə Balabəy revanş almaq imkanı əldə edib və bundan maksimum yararlanıb. Azərbaycanlı idmançı Sardalaşvilini məğlub edərək turnirin əsas favoritlərindən birini qızıl medal uğrunda mübarizədən kənarlaşdırıb.

Bundan sonra Ağayev qələbə yürüşünü davam etdirib və finalda hazırkı dünya çempionu, Yaponiya təmsilçisi Ryucu Naqayama ilə üz-üzə gəlib. Azərbaycan cüdoçusu ulduz yapon rəqibini də məğlub edərək turnirin qızıl medalına sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisinin heyətində daha bir medalı Nizami İmranov qazanıb. O, 66 kq çəki dərəcəsində bürünc mükafatçı olub. İmranov üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Yolka Kazirbekə qalib gəlib.

Qeyd edək ki, Ulan-Batorda keçirilən Böyük Dəbilqə turnirində medallarla yanaşı, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına təsnifat üçün reytinq xalları da uğrunda mübarizə aparılır.

İdman.Biz