Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci gününə start verilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvlərindən Fidan Əlizadə (63 kq) yarışa 1/16 final mərhələsindən qoşulub. O, italiyalı Savita Russo ilə qarşılaşmada hansoku-make ilə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Kişilərin yarışında Rəşid Məmmədəliyev (73 kq) 1/16 finalda mərakeşli Hassan Dukkali ilə üz-üzə gəlib. Gərgin keçən görüşün taleyi qızıl xal bölümündə həll olunub və cüdoçumuz yuko ilə uduzaraq turnirlə vidalaşıb.
81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev də 1/16 finalda uğursuz nəticə ilə yadda qalıb. O, ilk görüşündə BƏƏ təmsilçisi Qadjimurad Omarova qızıl xal bölümündə məğlub olaraq yarışdakı çıxışını başa vurub.
Qadınların 70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva isə 1/16 finalda Niderland təmsilçisi Marqit de Voksla bacarmayıb. Məğlub olan cüdoçumuz turnirlə erkən vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımızdan Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) isə bürünc medal qazanıb.
