Ulan-Batorda “Böyük Dəbilqə” həyəcanı: Nizami İmranov dünya çempionuna məğlub oldu - YENİLƏNİR + VİDEO

19 İyun 2026 10:57
158
Ulan-Batorda “Böyük Dəbilqə” həyəcanı: Nizami İmranov dünya çempionuna məğlub oldu - YENİLƏNİR + VİDEO

Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində Nizami İmranov (66 kq) yarımfinalda hazırkı dünya çempionu Takeşi Takeokaya (Yaponiya) qızıl xal bölümündə yuko ilə məğlub olub. 20 yaşlı cüdoçumuz bürünc medal görüşünə çıxacaq. Onun rəqibi yerli idmançı Yolk Kazırbyek olacaq.

10:45

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən turnirdə Ruslan Paşayev (66 kq) təsəlliverici görüşdə məğlub olaraq “Böyük Dəbilqə”ni yeddinci pillədə başa vurub.

10:29

Cüdoçumuz Balabəy Ağayev (60 kq) Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib. Təmsilçimiz yarımfinalda israilli İzhak Aşpizi ipponla məğlub edib. Balabəyin həlledici görüşdə rəqibi yaponiyalı son dünya çempionu Ryucu Naqayama olacaq.

10:22

Ulan-Batorda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Əhməd Yusifov (60 kq) təsəlliverici görüşdə Monqolustan idmançısı Tumencarqal Tuvşintura qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

10:14

Ulan-Batorda cüdo üzrə “Böyük Dəbilqə” turnirində mübarizəni davam etdirən Nizami İmranov (66 kq) 1/4 finalda koreyalı rəqibini vaza-ari xalı ilə məğlubiyyətə uğradaraq Balabəy Ağayevdən (60 kq) sonra ikinci yarımfinalçımız oldu. Nizami bu mərhələdə son dünya çempionu Takeşi Takeoka (Yaponiya) ilə qarşılaşacaq.

Ruslan Paşayev (66 kq) 1/4 finalda məğlub oldu. Cüdoçumuzun təsəlliverici görüşdə rəqibi yerli idmançı Yolk Kazırbyek olacaq.

10:03

Cüdoçumuz Nizami İmranov (66 kq) gənclər arasında son dünya çempionu Tornike Qiqaurini (Gürcüstan) ipponla mübarizədən kənarlaşdırıb. İmranov 1/4 finalda koreyalı Çanyonq Kim səddini keçməyə çalışacaq.

60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov isə 1/4 finalda məğlubiyyətlə üzləşib. Cüdoçumuz təsəlliverici görüşə çıxacaq.

09:58

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin altı cüdoçusu tatamiyə çıxıb. Onlardan üçü 1/4 finala yüksəlib, biri isə 1/8 finalda mübarizəni davam etdirəcək.

Turnirin önəmini artıran əsas məqamlardan biri də Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır. Ulan-Bator “Böyük Dəbilqə” sində cari olimpiya tsiklində ilk dəfə olimpiadaya lisenziya xalları hesablanır.

Kişilər arasında 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov ilk görüşdə BƏƏ təmsilçisi Konstantin Simeonidisə qalib gəlib. Təmsilçimiz daha sonra italiyalı Biacio D'Ancelonu yuko xalı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Monqolustan cüdoçusu Suxbat Byambasuren olacaq.

Eyni çəkidə mübarizə aparan Balabəy Ağayev də 1/4 finala yüksəlib. Ukraynalı Artem Lesyuk tatamiyə çıxmadığı üçün cüdoçumuz mübarizəsiz növbəti mərhələyə adlayıb. Ağayev 1/8 finalda avstraliyalı Coşua Katzdan ipponla üstün olub. O, yarımfinala gedən yolda Gürcüstan təmsilçisi, dünya və Avropa çempionu Giorgi Sardalaşvilini osaekomi-vaza texnikası ilə məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz yarımfinalda israilli İzhak Aşpizlə üz-üzə gələcək.

66 kq-da yarışan Ruslan Paşayev də uğurlu çıxışı ilə seçilib. Cüdoçumuz əvvəlcə Monqolustan idmançısı Turbold Tumurxunu qızıl xal bölümündə ipponla məğlub edib. Daha sonra Qazaxıstan təmsilçisi Nurkanat Serikbayev üzərində əzmkar qələbə qazanan Paşayev 1/4 finala yüksəlib. Onun növbəti rəqibi Ramazan Abdulayev olacaq.

Bu çəkidə çıxış edən digər təmsilçimiz Nizami İmranov ilk qarşılaşmada Hindistan idmançısı Rohit Basir Macqulu məğlub edib. O, 1/8 finalda Gürcüstan cüdoçusu Tornike Qiqauri ilə üz-üzə gələcək.

Qadınların yarışında isə təmsilçilərimiz mübarizəni dayandırıblar. 48 kq-da Şəfəq Həmidova yaponiyalı Vakana Koqaya, 52 kq-da Gültac Məmmədəliyeva macarıstanlı Reka Puppa məğlub olub.

Xatırladaq ki, “Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.

İdman.Biz