Cüdoda olimpiya təsnifat mərhələsi gələn həftə Ulan-Batorda keçiriləcək Böyük Dəbilqə turniri ilə start götürəcək. Bu yarış ərəfəsində Beynəlxalq Cüdo Federasiyası artıq növbəti ilin təqvimi üzərində işləyir. Adi yarış cədvəlinə Bakının Böyük Dəbilqəsi də qayıdacaq. Turnir bu il paytaxtda dünya çempionatının keçirilməsi səbəbindən təqvimə daxil edilməmişdi.
İdman.Biz xəbər verir ki, hazırda yarışların dəqiq tarixləri Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən rəsmi şəkildə açıqlanmayıb. Lakin Bakı 2027-ci il Dünya Turunun ilkin təqviminə daxil edilib. Siyahıda Paris, Daşkənd, Tbilisi, Düşənbə, Ulan-Bator, Lozanna, Budapeşt, Əbu-Dabi və Tokio da yer alır.
2025-ci ildə Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqəsi fevralın 14-16-da baş tutduğundan, yarışın yenidən qış aylarında təşkil olunacağı ehtimal edilir. Bununla belə, tarixlərlə bağlı yekun qərarı gözləmək lazımdır. Hələlik dəqiq olan məqam turnirin yenidən təqvimə qayıtmasıdır.
Gələn ilin əsas hadisəsi iyunun 7-14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatı olacaq. Beləliklə, Astana estafeti oktyabrda mundiala ev sahibliyi etməyə hazırlaşan Bakıdan təhvil alacaq.
Ümumilikdə beynəlxalq təqvimdəki dəyişikliklər IJF-in yarış sisteminin qlobal şəkildə yenidən qurulmasına yönəlmiş fəaliyyətini göstərir. Kadetlər və gənclər arasında yeni Qran-pri mərhələlərinin elanından sonra böyüklər səviyyəsində də mühüm yeniliklər həyata keçirilir.
Belə ki, müasir tarixində ilk dəfə olaraq Paris Böyük Dəbilqəsi üç gün davam edəcək. Adətən iki gün keçirilən və Dünya Turunun ən nüfuzlu yarışlarından sayılan turnir 2027-ci ildə fevralın 5-7-də Accor Arenada təşkil olunacaq. Üçgünlük formatın həm planlaşdırma baxımından daha çevik imkanlar yaradacağı, həm də idmançılar və tamaşaçılar üçün şəraiti yaxşılaşdıracağı gözlənilir.
Astananın dünya çempionatına ev sahibliyi etməsi isə IJF-in ən böyük yarışları keçirmək üçün təcrübəli təşkilatçılara üstünlük verməsi tendensiyasını davam etdirir. 2015-2027-ci illər arasında keçirilən 11 dünya çempionatına nəzər saldıqda, yalnız yeddi ölkənin bu mötəbər yarışa ev sahibliyi etdiyi görünür.
Qazaxıstan 2015-ci ildə də Astanada dünya çempionatını qəbul etmişdi və 2027-ci ildə yenidən bu hüquqa sahib olacaq. Budapeşt üç dəfə mundiala ev sahibliyi edib ki, bu da Macarıstanın federasiyanın ən etibarlı tərəfdaşlarından biri olduğunu göstərir. Azərbaycan ikinci dəfə dünya çempionatını qəbul edəcək, Özbəkistanda isə yarış 2022-ci ildə keçirilib. Digər mundiallara Yaponiya, Qətər və BƏƏ ev sahibliyi edib.
Böyük yarışların məhdud sayda ölkədə keçirilməsi həm logistika çətinlikləri, həm də müasir dünya çempionatının təşkili üçün tələb olunan ciddi maliyyə yatırımları ilə əlaqədardır. Bakı, Budapeşt və Astana yüksək səviyyəli yarışların təşkili sayəsində özlərini sübut edib və dünyanın aparıcı cüdoçuları üçün tanınmış məkanlara çevriliblər.
2027-ci ilin digər mühüm yarışları sırasında Lins, Sindao, Lima və Zaqrebdə keçiriləcək Qran-pri turnirləri də yer alır.
Olimpiya təsnifatına start verilməzdən əvvəl Los-Anceles-2028 Oyunlarında cüdo üzrə ayrılacaq kvotaların sayı da açıqlanıb. Ümumilikdə 372 lisenziya uğrunda mübarizə aparılacaq. Onlardan 238-i reytinq əsasında sahiblərinə veriləcək. Hər çəki dərəcəsində 17 idmançı (kişilər və qadınlar arasında müvafiq olaraq) Olimpiadaya vəsiqə qazanacaq. Daha 104 lisenziya qitə çempionatlarında oynanılacaq, 10 idmançı isə universal kvota əldə edəcək. ABŞ yığmasına 14 lisenziya ayrılıb. Bundan əlavə, qarışıq komandanın formalaşdırılması üçün altı cüdoçu fərdi dəvət almaq imkanı əldə edəcək.
