Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Avropa Cüdo Ümidləri Turnirinin gənc idmançıların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İdman.Biz xəbər verir ki, federasiya rəsmisi bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Bağırov turnirin yeniyetmə cüdoçuların beynəlxalq təcrübə qazanmasına və gələcək uğurlarına mühüm töhfə verdiyini vurğulayıb:
“Bu turnirin çox böyük əhəmiyyəti var. İlk növbədə, gənc cüdoçular burada beynəlxalq təcrübələrini qazanırlar. Sevindirici haldır ki, ötən il bu yarışın qaliblərindən biri sonradan yeniyetmələr arasında Avropa çempionatında gümüş medal əldə etdi. Həmçinin Avropadan gələn ekspertlər idmançılarımıza yeni fəndlər öyrədirlər. Gənclər məşhur idmançılarla ünsiyyət qurur, onlardan motivasiya alır və gələcəkdə Avropa, dünya çempionu, eləcə də Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar”.
Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri gələcəkdə yarışın miqyasının daha da genişlənəcəyinə inandığını bildirib:
“Xarici idmançılar kifayət qədər güclüdürlər və onların əsl səviyyəsini tatami üzərindəki mübarizə göstərəcək. Bildiyiniz kimi, Avropa çempionatları U-17 və U-21 yaş kateqoriyalarında keçirilir. Düşünürəm ki, növbəti 1-2 il ərzində cüdoçularımızdan daha böyük uğurlar gözləmək mümkündür”.
Qeyd edək ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 10 ölkədən 81 klubu təmsil edən 289 yeniyetmə cüdoçu mübarizə aparır.
Avropa Cüdo Ümidləri Turniri EJU-nun yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biri hesab olunur. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əməkdaşlığın gücləndirilməsi və perspektivli idmançıların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
