Avropa Cüdo Birliyinin idman komissarı Rüstəm Orucov Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turnirinin təşkilatçılığını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, olimpiya mükafatçısı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Orucov yarışın yeniyetmə cüdoçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“Bildiyiniz kimi, biz burada Avropa Cüdo Birliyinin təmsilçiləri kimi iştirak edirik. Görürük ki, təşkilatçılıq yüksək səviyyədədir. Mən bir çox yarışlarda iştirak etmişəm. Lakin bu cür yüksək təşkilatçılıq hər yerdə olmur. Bu turnirin keçirilməsi gənc idmançıların təcrübə toplaması, onların gələcək yarışlara daha yaxşı hazırlaşması məqsədi daşıyır. Azərbaycanlı olaraq öz idmançılarımızdan qızıl medal gözləyirəm”.
Qeyd edək ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 10 ölkədən 81 klubu təmsil edən 289 yeniyetmə cüdoçu mübarizə aparır.
Avropa Cüdo Ümidləri Turniri EJU-nun yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biri hesab olunur. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və perspektivli idmançıların yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
