Prezident təqaüdünə layiq görülən Əməkdar məşqçi: “Göstərilən etimad çəkdiyim zəhmətin qiymətləndirilməsidir”

Xəbərlər
25 Dekabr 2025 18:29
53
Prezident təqaüdünə layiq görülən Əməkdar məşqçi: “Göstərilən etimad çəkdiyim zəhmətin qiymətləndirilməsidir”

“Dövlətimizin başçısı İlham Əliyev doğrudan da qayğıkeş və xalqını sevən insandır. Mənə bu vaxta qədər bir neçə dəfə yüksək səviyyədə təltiflər verilib və bunların hər biri çəkdiyim zəhmətin qiymətləndirilməsidir”.

Bu sözləri dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənov deyib.

Mütəxəssis bildirib ki, bu, onun üçün böyük stimul və məsuliyyətdir.

“Bu gün çoxsaylı təbriklər alıram. Açıq şəkildə deyə bilərəm ki, bizim Prezidentimiz kimi xalqını, torpağını sevən ikinci lider yoxdur. O, bütün çətinliklərə baxmayaraq, daim xalqın yanında olur, yorulmadan fəaliyyət göstərir. Hətta doğum günündə belə vətəndaşlarla birlikdə oldu, onların qəlbinə yol tapdı. Dövlət başçısının insanlara olan bu münasibəti bizə də güc verir”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

T. Həsənov qeyd edib ki, hazırda yeniyetmələrlə, o cümlədən Olimpiya çempionu Hidayət Heydərovla birgə məşqlər aparır:

“Uşaqlarla işləməkdən yorulmuram, çünki bu işə ürəyimi qoymuşam. Bu gün də məşğələlərim davam edir. Dövlətimizin verdiyi dəyəri yüksək qiymətləndirirəm. Prezidentimizə, xalqımıza və tələbələrimə minnətdaram”.

İdman.Biz
Məqalədə: