“Bu, çox vacib və qiymətli qələbədir. Açığı, fərdi yarışda heç də hər şey yaxşı alınmadı”.
Bunu cüdo üzrə Avropa, dünya və olimpiya çempionu Zelim Kotsoyev sportnet.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarında çıxışınızı necə dəyərləndirirsiniz?
- Bu, çox vacib və qiymətli qələbədir. Açığı, fərdi yarışda heç də hər şey yaxşı alınmadı. Finalda səhvə yol verərək, gümüş medal aldım. Lakin növbəti gün komanda hesabında qızıl medal qazanmağımız bunu unutdurdu. Beləliklə, pis əhval-ruhiyyəyə son qoyuldu. Ailə kimi bir araya gələrək, mübarizə apardıq, bir-birimizə dəstək verdik. Qarışıq komanda yarışlarında müntəzəm çıxış etməyə bu ildən başlamışıq. Amma düzü, bu, fərdi çıxışlardan daha maraqlıdır.
- Finalda qalib gələ bilməməyinizə nə mane oldu: Misirli Omar Elramli çoxmu ciddi rəqib idi?
- Ciddi rəqib idi. Öz qrupundakı bütün rəqiblərini "təmizlədi", güclü cüdoçulara qalib gəldi. Finalda görüş boyunca dominantlıq edirdim, vaza-ari xalı qazanmışdım. Amma idman uğuru deyilən hal da olur. Sona 3 saniyə qalmış parter vəziyyətində vaxtı "dartmaq" istəyirdim. Hərçənd, bu, mənə xas olan mübarizə üsulu deyildi. Elə oradaca boğucu fəndlə qarşılaşdım (gülür - red.). Amma qorxulu bir şey yoxdur. Bu, rəqibimin idman uğurudur.
- Demək olarmı ki, rəqibləriniz sizin döyüş üslubunuzu bilirdi?
- Bilirlər. Amma əsas məsələ zehni cəhətdən hazırlıqlı olmaqdır. Əslində, hamımız bir-birimizin mübarizə üslubundan xəbərdarıq. Cüdoda çox az yeni nə isə təklif etmək olar. Qələbəni isə daha çox çalışan qazanır.
- Paris-2024 Yay Olimpiya Oyunlarından sonra Los Anceles-2028 olimpiadasına hazırlığınız öz qaydası ilə gedirmi?
- Bəli, hər şey yaxşıdır. Əslində olimpiadadan sonra hamıda eniş baş verir ki, bu da normaldır. Çünki əvvəlki olimpiya tsikli ərzində zədələr, mikrozədələr, mənəvi durum kimi amillər yığılıb qalır. Düzü, bu ili sərbəst keçirmək, daha çox zədələrimi müalicə etdirməklə keçirmək istəyirdim. Lakin şadam ki, həm Avropa çempionatından, həm dünya çempionatından, həm Meksika Qran Prisindən, həm də İslamiadadan medal götürə bildim. Yəni, 2025-ci il mənim üçün kifayət qədər uğurlu alındı. Deyə bilərəm ki, belə bir uğurlu ilin alınacağına ümid etmirdim.
- Bəs ötənilki Avropa, dünya və olimpiya çempionluğu titullarınız nə zaman təkrarlana bilər?
- Nə qazanmışamsa, keçmişdə qaldı. Qarşıda isə məni yeni çağırışlar gözləyir. Ən başlıca yarışım isə 2026-cı ildə Bakıda keçiriləcək dünya çempionatı olacaq. Məhz bu mundiala hazırlaşmaq, doğma publika önündə maksimal formada olmaq istəyirəm. Bundan ötrü hər şeyi edirəm. Rejimimi qoruyur, səylə məşq edir, məndən tələb olunanların hamısını yerinə yetirirəm. Buna görə də qarşıdakı dünya çempionatında istədiyimi əldə edəcəyimə tam ümidvaram.
