Azərbaycan cüdoçusu Hidayət Heydərovun atası Minayət Heydərov Sportnet.az-a müsahibə verib.
İdman.Biz bildirir ki, M.Heydərov oğlunun VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmasından və hazırkı durumundan danışıb:
- Hidayət Heydərov 8 ildən sonra ikinci dəfə İslamiadanın qalibi oldu. Bununla bağlı fikirləriniz necədir?
- Bütün Azərbaycan xalqını təbrik edirəm. Cüdoçularımız VI İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız rəşadət göstərərək, qələbə qazandılar. Hidayət həm komanda yarışında, həm də şəxsi mübarizədə qalib oldu. O, artıq ikinci dəfə tarix yazır. İndi İslamiadanın ikiqat qalibi oldu. Arzu edək ki, gələn il Bakıda ikiqat dünya çempionu adını qazanaraq, yeni tarix yazsın. Çünki Azərbaycanda cüdoda hələlik ikiqat dünya çempionu yoxdur. Ümidvaram ki, 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində ikiqat olimpiya çempionu olaraq, Azərbaycan tarixinə düşəcək.
- Hidayətin 2024-cü il Paris Yay Olimpiya Oyunlarından sonra durumunu necə dəyərləndirirsiniz?
- Yavaş-yavaş özünə gəlir. Rusiyanın bir saytı Hidayətin yeni nailiyyəti barədə “Kral qayıtdı” yazmışdı. Artıq tatamiyə qayıdıb. İnanıram ki, yaxşı olacaq və Azərbaycan xalqını da, bizi də sevindirəcək.
- Oğlunuz bu yaxınlarda əsəbi status yazmışdı...
- Azərbaycanda belədir də... Bir dəfə ayağın büdrədisə, mütləq baltalamaq adət-ənənə halını alıb. İnanıram ki, yaxşı olacaq və yeni qələbələrlə bizi sevindirəcək.
- Artıq Hidayətin pik nöqtəyə doğru getdiyini düşünürsünüz?
- Bəli. Onda belə hal əvvəllər də olub. 2017-ci ildə pik nöqtədə idi, sonra sanki bir qədər “yolunu azdı”. Ardından yaxşı oldu. Yoluna qayıtdı və bizi sevindirdi. İnanıram ki, yenə elə olar.
