Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı başa çatıb.
İdman.Biz xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi bir dəst medal qazanıb. +100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. Ömər Rəcəbli (81 kiloqram) gümüş, Aslan Kotsoyev (90 kiloqram) isə bürünc mükafata yiyələnib.
İlk yarış günündə isə İslam Rəhimov (66 kiloqram) qızıl medalı boynundan asmışdı.
Qeyd edək ki, cüdo tariximizdə ilk dəfə 66 kiloqram və +100 kiloqram çəki dərəcələrində idmançılarımız U-23 Avropa çempionatlarının qızıl medalını əldə ediblər.
Yekunda Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.
21:16
Azərbaycan cüdoçuları Kişineuda keçirilən U-23 Avropa çempionatında daha bir medal əldə ediblər.
İdman.Biz bildirir ki, Kənan Nəsibov U-23 Avropa çempionu olub.
100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Polşa təmsilçisi Yakub Sordili ipponla məğlub edərək qitə yarışının qızıl medalına yiyələnib.
19:36
Azərbaycan cüdoçuları Kişineuda keçirilən U-23 Avropa çempionatında daha bir medal əldə ediblər.
İdman.Biz bildirir ki, Aslan Kotsoyev (90 kq) üçüncü yer uğrunda qarşılaşmada komanda yoldaşı Vüqar Talıbova qalib gələrək bürünc medal qazanıb.
Vüqar Talıbov isə yarışı 5-ci pillədə başa vurub.
19:18
Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, finalda Rəcəbli italiyalı Manuel Parlatiyə məğlub olub.
18:39
Azərbaycanın iki cüdoçusu Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
İdman.Biz xəbər verir ki, Ömər Rəcəbli (81 kq) və Kənan Nəsibov (+100 kq) qitə yarışının həlledici mərhələsinə adlayıblar.

Rəcəbli finalda italiyalı Manuel Parlati, Nəsibov isə polşalı Yakub Sordul ilə üz-üzə gələcək.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar.
