“Bəzi çəki dərəcələrində stabillik çatışmır” - Rəşad Rəsullunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
18 Oktyabr 2025 17:51
61
“Bəzi çəki dərəcələrində stabillik çatışmır” - Rəşad Rəsullunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan cüdoçuları - 60 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev və 66 kiloqramda mübarizə aparan Ruslan Paşayevin Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri yarışında qazandıqları qələbə həm sevindirici, həm də gözlənilməz oldu. Xüsusilə Balabəyin uğuru diqqət çəkir, çünki o, son vaxtlar iştirak etdiyi demək olar ki, bütün turnirlərdə məğlub olurdu.

İdman.biz qaliblərin çıxışı ilə bağlı Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsulludan münasibət öyrənib:

“Balabəyə biz həmişə şans vermişik, amma o, bu imkanı hər zaman doğrulda bilməyib. 60 və 66 kiloqram çəki dərəcələrində, digər kateqoriyalardan fərqli olaraq, bizdə sabitlik çatışmır və açıq şəkildə birinci nömrə olan idmançı yoxdur. 60 kiloqram çəki dərəcəsində bəzən Balabəy yaxşı çıxış edir, bəzən Turan Bayramov, bəzən də Əhməd Yusifov. 66 kiloqramda da eyni vəziyyətdir - bir dəfə Yaşar Nəcəfov parlayır, bir dəfə Ruslan Paşayev. Amma biz hamıya imkan veririk və cüdoçularımızdan heç biri deyə bilməz ki, ona özünü göstərmək şansı verilməyib”, – deyə Rəsullu qeyd edib.

Vüqar Vüqarlı

İdman.Biz