İki cüdoçumuz Qvadalaxara Qran-prisində finala yüksəlib - VİDEO

Xəbərlər
18 Oktyabr 2025 01:47
76
İki cüdoçumuz Qvadalaxara Qran-prisində finala yüksəlib - VİDEO

Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Beynəlxalq Qran Pri start götürüb.

İdman.Biz-in məlumatına görə, ilk yarış günündə dörd azərbaycanlı idmançı tatami üzərinə çıxıb, onlardan ikisi finala yüksəlib.

60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev fransalı Maksim Merlin üzərində qələbə ilə başlayıb, daha sonra amerikalı Conatan Yanqa, yarımfinalda isə belçikalı Jorre Verstraetenə qalib gəlib. Ağayev finalda braziliyalı Mişel Auqusto ilə qarşılaşacaq.

66 kq çəki dərəcəsində Ruslan Paşayev rəqiblərini – fransalı Romarik Vend-Vam Budanı, italiyalı Elios Mantsini və ispaniyalı Adrian Nieto Çinnaronu inamla məğlub edib. Finalda o, finlandiyalı Lukas Saha ilə qarşılaşacaq.

Digər azərbaycanlı cüdoçu Əhməd Yusifov (60 kq) 1/4 finalda belçikalı Jorre Verstraetenə məğlub olduqdan sonra təsəlliverici görüşdə amerikalı Conatan Yanqa qalib gəlib. O, bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Burada onun rəqibi fransalı Enzo Jan olacaq.

Cüdoçumuz Yaşar Nəcəfov isə (66 kq) ilk görüşdə kiprli Georgios Balajaşviliyə uduzub.

İdman.Biz