Ukrayna hokkey millisi 2007-ci ildən sonra ilk dəfə dünya çempionatının elit divizionuna vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, komanda Polşanın Sosnovets şəhərində keçirilən birinci divizionun A qrupunda ikinci yeri tutaraq yüksək liqaya yüksəlib. Ukrayna yığması turniri 10 xalla başa vurub.
Son turda Polşa millisinin Litvaya əlavə vaxtda 1:2 hesabı ilə uduzması ukraynalıların elit diviziona yüksəlməsini rəsmiləşdirib. Polşa turniri 8 xalla tamamlayıb.
Yarışın qalibi olan Qazaxıstan millisi də 13 xalla elit diviziona vəsiqə əldə edib.
Qeyd edək ki, Ukrayna millisi sonuncu dəfə 2007-ci ildə dünya çempionatının ən güclü divizionunda çıxış etmişdi.
2027-ci il dünya çempionatının elit divizion oyunları Almaniyanın Düsseldorf və Mannheim şəhərlərində keçiriləcək. 2026-cı il mundialına isə İsveçrənin Sürix və Fribur şəhərləri ev sahibliyi edəcək.
