Hokkey dünyası cümə axşamı gecəsi Villiam Eklundun vurduğu qolu müzakirə edir. Bir çox idman mütəxəssisləri bunu artıq “mövsümün qolu”na namizəd kimi göstərirlər.
İdman.Biz xəbər verir ki, gənc forvard “Boston Bruins”lə qarşılaşmada qeyri-adi əzmkarlıq nümayiş etdirib. Hücum zamanı rəqib qapıçı Ceremi Sueymenin qaytardığı şayba havaya qalxıb. Həmin anda Sueymenin hokkey çubuğuna ilişərək tarazlığını itirən və arxası üstə yerə yıxılan Eklund, havada süzülən şaybanı gözündən qaçırmayıb. O, yerə yıxıldığı anda havada şaybaya zərbə endirərək onu qapı toruna göndərib.
Matçdan sonra təəssüratlarını bölüşən Eklund qolun şans, yoxsa ustalıq olması barədə belə deyib:
“Rəqiblə təkbətək qaldım, onu keçməyə çalışırdım və sonda şaybaya havada zərbə endirdim. Bunu qəsdən qapı dirəyinin altına vurdum? Dəqiq bilmirəm. Sadəcə vurmağa çalışdım və bu dəfə alındı”.
Komandanın baş məşqçisi Rayan Varsofski bu qolu əfsanəvi Bobbi Orrun hərəkətləri ilə müqayisə edib:
“Bu qolu uzun müddət idman bülletenlərində təkrar-təkrar izləyəcəksiniz. Bu, gördüyüm ən gözəl qollardan biridir”.
Qeyd edək ki, bu möhtəşəm qol “San-Xose Şarks”ın “Boston Bruins” üzərindəki 4:2 hesablı qələbəsində mühüm rol oynayıb.
