Hokkey oyunundakı qətlin təfərrüatı açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

17 Fevral 2026 13:07
154
Hokkey oyunundakı qətlin təfərrüatı açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

ABŞ-nin Rod-Aylend ştatının Potaket şəhərində məktəbdə keçirilən hokkey oyunu zamanı baş verən silahlı insidentin təfərrüatı məlum olub.

İdman.Biz xəbər verir ki, 56 yaşlı Robert Dorqan “Senior Night” adlı məktəb tədbiri çərçivəsində keçirilən hokkey matçı zamanı atəş açıb. Hadisə nəticəsində onun həyat yoldaşı və qızı güllələnərək həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb. Dorqan özü də intihar edib.

Atışma Dennis M.Linç Arenada baş verib. Polis hadisənin məqsədli ailədaxili münaqişə zəminində törədildiyini açıqlayıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsin Robert Dorqan olduğunu təsdiqləyib. Məlumata görə, o, “Roberta Esposito” təxəllüsündən də istifadə edib. Qızının sözlərinə əsasən, onun psixoloji problemləri olub.

Yerli KİV-lər şübhəlinin Roberta Dorqano adlı “X” sosial şəbəkə hesabı ilə müxtəlif siyasi fiqurlarla aktiv yazışmalar apardığını yazır. “X”-də mühafizəkar aktyor Kevin Sorboya cavabında (o, Delaver ştatından demokrat konqresmen Sara Makbraydin ünvanına anti-transgender bəyanat vermişdi) Dorqano hesabı belə yazıb: “Bizə hücum etməyə davam edin. Amma niyə ağlımızı itirdiyimizə təəccüblənməyin”.

ABŞ mediasının yaydığı məlumatlara görə, 2020-ci ildə ailədaxili münaqişə ilə bağlı polisə müraciət edilib və həmin dövrdə həyat yoldaşı boşanma üçün ərizə təqdim edib. Bu, onun cinsiyyət dəyişdirmə əməliyyatı keçdiyini bildirməsindən və qohumlarının ondan evi tərk etməyi tələb etməsindən sonra baş verib.

11:04

Fevralın 16-da ABŞ-nin Rod-Aylend ştatının Potaket şəhərində məktəblilər arasında keçirilən hokkey yarışı zamanı atışma baş verib. Hadisə nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb. Atəşi açan şəxsin də öldüyü bildirilir.

İdman.Biz “CBS News”a istinadən verdiyi məlumata görə, insident vaxtı buz meydançasında iki təhsil müəssisəsinin komandaları arasında oyun keçirilirmiş.

Yaralanan dörd nəfərin hamısı tibb müəssisələrinə təxliyə olunub. Hazırda onların vəziyyətinin ağırlıq dərəcəsi, eləcə də hücuma səbəb olan motivlər barədə məlumat verilmir.

İdman.Biz