NHL-in müntəzəm çempionatı çərçivəsində keçirilən “Edmonton” və “Veqas” matçında unikal hadisə baş verib.
İdman.Biz xəbər verir ki, “Rodcers Pleys” arenasındakı qarşılaşma zamanı azarkeşlərdən biri elə oyun gedə-gedə uşaq dünyaya gətirib.
Bu qeyri-adi hadisə barədə şərhçi Cek Maykls birbaşa efirdə məlumat verib. Maraqlıdır ki, həmin görüş “Edmonton”un 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Lakin oyun yalnız bu xoş xəbərlə yadda qalmayıb. Matç zamanı daha bir bədbəxt hadisə qeydə alınıb. Belə ki, azarkeşlərdən birinin üzünə hokkey şaybası dəyib və o, tribunaları qan içində tərk etməli olub.
Qeyd edək ki, idman arenalarında bu cür doğum halları əvvəllər də yaşanıb. 2023-cü ildə NFL (Amerika futbolu) matçında, 2015-ci ildə isə San-Dieqoda keçirilən beysbol oyununda bənzər hadisələr baş vermişdi.
