“İstəyirik ki, Azərbaycanda mümkün qədər çox uşaq buz üzərində hokkeylə məşğul olsun” – Zaur Məmmədəliyevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Müsahibə
27 Dekabr 2025 13:15
112
“İstəyirik ki, Azərbaycanda mümkün qədər çox uşaq buz üzərində hokkeylə məşğul olsun” – Zaur Məmmədəliyevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Azərbaycanda hokkey oyunu artıq kimlər üçünsə xəyal deyil, bu artıq reallıqdır və Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz arenasının fəaliyyətə başlaması sevindirici haldır.

Bu ideyanın reallaşmasında əməyi olan şəxslərdən biri də “Ocaq” hokkey klubunun məşqçisi Zaur Məmmədəliyevdir.

İdman.Biz Zaur Məmmədəliylə həmsöhbət olub, mütəxəssisə suallar ünvanlayıb.

- “Azərbaycanda hokkey” ifadəsi kifayət qədər qeyri-adi səslənir. Klubunuz nə vaxt yaradılıb?

- Klubumuz 2023-cü ildə yaradılıb. Biz “Ocaq” idman klubunun tərkibindəyik. Burada bir çox idman növləri inkişaf etdirilir və onların arasında ən gənci məhz hokkeydir.

- Bu uşaq klubudur? Məşqlər harada keçirilir?

- Tamamilə doğrudur, bu uşaq klubudur və məşqlərimizi məhz burada, buz arenasında keçiririk.

- Hansısa turnirlərdə iştirak edirsiniz, yoxsa hələlik hər şey məşq mərhələsindədir?

- Bu il artıq həm yoldaşlıq görüşlərində, həm də yarışlarda iştirak etmişik. Belə ki, Dubayda altı komandanın qatıldığı turnirdə üçüncü yeri tutduq ki, ilk çıxış üçün bu, heç də pis nəticə deyil. Daha sonra Dubaydan “Galaxy” komandası qonağımız oldu. Onlarla dörd oyun keçirdik və üçündə qalib gəldik. Hesab edirəm ki, bu da çox yaxşı göstəricidir.

- 2026-cı il üçün planlarınız nələrdir?

- Daha bir neçə turnirdə iştirak etmək və digər ölkələrin klublarını yoldaşlıq görüşlərinə dəvət etmək istəyirik. Artıq Türkiyə, Çin və Rusiyanın uşaq klubları ilə danışıqlar aparırıq. Amma, əlbəttə ki, əsas prioritet turnirlərdə iştirakdır. Bu, uşaqlara inanılmaz motivasiya verir və çox güclü katalizator rolunu oynayır.

- Görürəm ki, klubunuzda təkcə yerli uşaqlar məşq etmir…

- Tamamilə doğrudur. Bizdə Qazaxıstandan, Rusiyadan, hətta İngiltərədən olan uşaqlar da var. Amma, təbii ki, komandanın əsas heyətini yerli uşaqlar təşkil edir.

- Klubunuzda böyüklərdən ibarət komanda da var?

- Bəli, “Ocaq” klubunda böyüklərdən ibarət komanda da fəaliyyət göstərir. Onlar ötən il Kazanda keçirilən Qış İslam Oyunlarında qrup mərhələsini birinci yerdə başa vurublar. Daha sonra Moskvada keçirilən turnirlərin birində də birinci yerə layiq görüldük. Əsas məqsədimiz hokkeyin populyarlaşdırılmasıdır. İstəyirik ki, klubumuza uşaqlar və yeniyetmələr gəlsin, bilsinlər ki, belə cənub ölkəsində də buz üzərində hokkey kimi adrenalin və emosiyalarla dolu bir idman növü ilə məşğul olmaq mümkündür!

FOTO - İslam Atakişiyev

İdman.Biz