Azərbaycan həndbolunda son illər federasiyada yığılıb qalan böhran yaxın günlərdə kulminasiya nöqtəsinə çatıb. İdman.biz-in daha əvvəl yazdığı kimi, qurumun prezidenti Saleh Məmmədov fəaliyyətini faktiki olaraq dayandırıb, həndbolçular maaşsız, çempionatsız, məşq zalı olmadan və əslində öz idman növləri olmadan qalıblar.
Lakin məlum olur ki, Saleh Məmmədovun federasiyaya rəhbərlik etdiyi 10 il ərzində qurumun daxilində ciddi özbaşınalıqlar yaşanıb. Bu barədə İdman.biz-ə Azərbaycan Həndbol Federasiyasının idman direktoru, İcraiyyə Komitəsinin üzvü, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov danışıb.
Onun sözlərinə görə, federasiya rəhbərliyinin fəaliyyəti ilə bağlı vəziyyət birbaşa qurumdan asılı olan insanlara da təsir edib. Əməkdaşlar bir anda işsiz və gəlirsiz qalıb, həndbolçular isə daha ağır vəziyyətə düşüblər:
“Hamımıza bir anda dedilər: “Pul yoxdur, sağ olun”. Vitse-prezident, baş katib və digərləri dağılışdılar, biz isə həndbolçularla birlikdə belə vəziyyətdə qaldıq. Bir çoxları bu maaşlara güvənirdi, kimisi kredit ödəyirdi, kimisi uşaqlarının təhsil haqqını. Birdən məlum oldu ki, bütün bunlar bir nəfərin bir əl hərəkətindən asılıdır. İnsan “yox” dedi və hər şey bitdi”.
İsgəndər Əsgərov hesab edir ki, bu illər ərzində federasiya belə bir vəziyyətdə heç olmasa çempionatı başa çatdırmağa imkan verəcək müəyyən sığorta fondu yarada bilərdi. Daha sonra isə qurumda yeni seçkiləri sivil şəkildə keçirmək mümkün olardı.
“Bütün bunlar, bilirsiniz, illər ərzində yığılıb. Müəyyən təməli olan təşkilat bir gündə dağıla bilməz”, – deyə o bildirib.
Funksionerin sözlərinə görə, federasiyanın fəaliyyətinə vitse-prezident Orxan Abbasov və baş katib Yusif Atakişiyev rəhbərlik ediblər. Onun iddiasına görə, hər iki şəxs Saleh Məmmədovun yaxın çevrəsinə daxil olub. Əsgərovun fikrincə, onlar ilk növbədə şəxsi maraqlarını rəhbər tutublar:
“Oraya öz adamlarını yığmışdılar və maliyyəyə heç kimi yaxın buraxmırdılar. Heç bir hesabat yox idi, hər şey o qədər ört-basdır edilmişdi. Bəli, maaş alırdılar, amma bunlar müqaviləsiz, qeyri-rəsmi ödənişlər idi. Yəni prezidentlə birlikdə federasiyaya gələn insanlar həndboldan deyildilər və öz maraqları var idi, hansısa formada bizim idman növümüzü dəstəkləyirdilər. Vəziyyət çox pis idi. Bunu dəfələrlə çatdırmağa çalışırdıq, amma bir söz desən, səni qovardılar, gedərdin və ümumiyyətlə həndboldan kənarda qalardın.
Həmişə bir komandadan digərinə oyunçu keçidləri olurdu. Özləri nə istəyirdilərsə, onu edirdilər, heç bir rəsmi transfer həyata keçirilmirdi, halbuki nə qədər əcnəbi oyunçu gəlirdi. İndi isə soruşursan - bir qəpik də pul yoxdur”.
Aydındır ki, federasiyanın idarə edilməsindəki problemlər idman növünün özünə də təsirsiz ötüşə bilməzdi. Son illərdə Azərbaycan həndbolunun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Geriləməni Əsgərovun sözlərinə görə, federasiyada Avropa və dünya çempionatlarından daha üstün tutulmuş İslam Həmrəyliyi Oyunlarının timsalında da görmək mümkündür.
Saleh Məmmədov federasiya prezidenti seçildikdən bir neçə ay sonra Azərbaycanın qadınlardan ibarət yığması 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Lakin sonrakı illərdə nəticələr getdikcə pisləşib.
2022-ci ildə keçirilən növbəti İslam Həmrəyliyi Oyunlarında Azərbaycan həndbolçuları gümüş medal qazanıblar. İsgəndər Əsgərovun ifadəsinə görə, həmin medal Azərbaycan üçün “möcüzə” nəticəsində əldə olunub. Buna Kamerun üzərində texniki qələbə də kömək edib.
“Yanlış hazırlıq, anlaşılmaz məşqçilər. Nədənsə, İslam Həmrəyliyi Oyunlarına azərbaycanlı mütəxəssislər cəlb olunmurdu. Mütləq xaricdən gələnlər olmalı idi. Onlar bunlarla nə edirdilər? Onlara necə pul xərcləyir, necə qazanırdılar? Ola bilsin ki, azərbaycanlı məşqçilər daha tələbkar idilər. Onlar daha çox istəyirdilər, amma heç nə almırdılar. Əcnəbilər isə bəlkə də daha az tələb edirdilər, amma nədənsə hər şeyi alırdılar. Onların maaşları da xeyli yüksək idi.
2022-ci ildə Konyada oynayanda əcnəbi mütəxəssis dəvət etdilər. O, burada altı ay çalışdı. İkinci yeri tutub pulunu alan kimi yoxa çıxdı. Mükafatını götürüb qaçdı. Azərbaycan həndbolu ona niyə lazım olsun ki? Onun üçün bunun heç bir əhəmiyyəti yoxdur. Həqiqətən işləmək istəyən yerli məşqçiləri isə yaxın buraxmırdılar”, – deyə o bildirib.
Əsgərovun sözlərinə görə, sonuncu İslam Həmrəyliyi Oyunlarında vəziyyət daha da pisləşib. Komanda yarışa cəmi bir ay qalmış hazırlığa başlayıb və həftədə üç dəfə məşq edib:
“Mingəçevirdə təlim-məşq toplanışı oldu, amma sparrinq görüşləri keçirilmədi. Bu, qətiyyən düzgün deyil. Bizdə yaxşı qızlar var idi, amma normal hazırlıq olmadan bu komanda heç nə idi. Hətta gənc Özbəkistan yığmasına da uduzdular və ilk beşliyə düşə bilmədilər. Halbuki əvvəllər İranı rahatlıqla məğlub edirdik. Ondan qat-qat güclü idik. Təsəvvür edirsiniz, nə qədər zəif vəziyyətə düşmüşük?”
İsgəndər Əsgərov bildirir ki, mütəxəssislər federasiya rəhbərliyinə müraciət edərək yığmanın normal məşqlərlə, tam qidalanma ilə təmin olunmasını və hazırlıq məqsədilə turnirlərdə iştirakını istəyiblər. Lakin bu müraciətlər nəticəsiz qalıb:
“Deyirdilər ki, pul yoxdur. Amma Saleh Məmmədov onlara vəsait verirdi. Bu pulların hara getdiyini heç kim bilmir. Demək istəmirəm ki, oğurlayırdılar. Müəyyən maliyyələşmə həyata keçirirdilər, amma vəsaiti düzgün bölüşdürmürdülər. Bir oyunçuya yaxşı maaş verirdilər, digərinə isə heç nə, halbuki hamısı eyni səviyyədə oynayırdı.
Vitse-prezident hər klubla səfərə çıxmağa özünə imkan verirdi. Hara istəyirəm, gedirəm. Kimi istəyirəm, aparıram. Onun səfərlərə xərclədiyi pulları toplasaydılar, artıq sığorta fondu yaratmaq olardı. Bir daha deyirəm, federasiya heç nə etmirdi demirəm. Edirdi, amma hər şeydən bir az. Nəticədə komandalarımız da “bir az” oynayırdılar.
Azərbaycanda keçirdiyimiz qızlar arasında gənclərin Avropa çempionatını da götürək. Komandamız ən zəif idi. 40-50 top fərqi ilə uduzurduq. Heç vaxt belə olmayıb. Çox utancverici idi. Ermənistandan və Kosovodan da zəif vəziyyətə düşdük. Başa düşürsünüz, söhbət nədən gedir? Elə vəziyyətə düşmüşdük ki, heç bir məqsədimiz yox idi. Daha doğrusu, bir məqsədimiz var idi – İslam Həmrəyliyi Oyunları. O da fiaskoya uğradı”.
İsgəndər Əsgərov əlavə edir ki, həndbolun səviyyəsi o qədər aşağı düşüb ki, hətta Azərbaycanın ən yaxşı oyunçuları belə Türkiyəyə və digər ölkələrə legioner kimi gedə bilmirlər. Bir çox yarışlarda isə Azərbaycan aşağı reytinqə görə ümumiyyətlə iştirak edə bilmir.
Onun fikrincə, bütün bunlar hazırkı vəziyyətə gətirib çıxarıb: federasiya faktiki olaraq fəaliyyətini dayandırıb, Azərbaycan çempionatı və kuboku yarımçıq qalıb, həndbolçuların illərdir məşq etdiyi ABU Arena idman zalı isə icarə haqqının ödənilməməsi səbəbindən onların üzünə bağlanıb.
“Biz hələ çempionatı başa çatdırmağa çalışırdıq. Komandalara deyirdim: gəlin, pulsuz, heç nə olmadan oynayaq. Onlar mənə, bizə, həndbola görə daha iki tur keçirdilər, amma son üç turda heç kim iştirak etmədi. Yetkin oyunçular soruşmağa başladılar: “Maaşsız necə oynayaq?” Bir çoxlarının hətta oyuna gəlmək üçün yol puluna da vəsaiti yox idi.
Təbii ki, zalın pulu ödənilməyəndə işıqları söndürdülər, isti suyun verilməsini dayandırdılar. Amma qızların bir müddət də gəlməsinə imkan verdilər. Onlar özləri məşq edirdilər – işıqsız, susuz. Lakin daha sonra yeni icarəçi tapıldı və zalı tərk etmək məcburiyyətində qaldıq”, – deyə federasiyanın idman direktoru bildirib.
İsgəndər Əsgərov əlavə edir ki, bütün klublar federasiyadan asılı vəziyyətdə idi. Hazırda ölkədə normal fəaliyyət göstərən yeganə klub isə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılmış “Kür”dür.
Əsgərovun sözlərinə görə, federasiyanın əməkdaşları sonda “işsiz vəziyyətdə qalıblar”, ofis isə bağlanıb. Bəziləri işsiz qalıb, digərləri başqa fəaliyyət sahəsinə keçib, bir qismi isə idman məktəbində çalışmağa başlayıb. Əsgərovun özü isə Azərbaycan İdman Akademiyasında yarımştat işləməyə davam edib.
Bununla belə, o, vəziyyətin dəyişəcəyinə hələ də ümid edir. Onun fikrincə, yeganə çıxış yolu problemin ölkə prezidenti İlham Əliyevin diqqətinə çatdırılmasıdır.
Bununla yanaşı, funksionerin sözlərinə görə, Azərbaycan həndbolunu bərpa etmək asan olmayacaq. Bir çox mütəxəssis gedib, yenilərini tapmaq və ya sıfırdan yetişdirmək isə uzun prosesdir.
“Vaxt keçdikcə həyatını bu idmana həsr etmək istəyən insanların sayı daha da azalır. Deyəcəklər: “Artıq mənə lazım deyil, başqa iş tapmışam, fiziki formamı saxlamağı dayandırmışam”. Məşqsiz qalan yüzlərlə uşaq başqa idman növlərinə gedəcək. Bu il Azərbaycan çempionatını bərpa etməyi isə kim gəlirsə-gəlsin, qətiyyən mümkün hesab etmirəm. Çünki nə bu qədər insan var, nə də bu qədər komanda. Bir çoxları birdəfəlik gedib. Demək olar ki, hər şeyi sıfırdan bərpa etmək lazım olacaq. Bizdə ümumiyyətlə olmayan yeni sistemə ehtiyac var. Hələ gec deyil, bütün qüvvələrin birləşməsi vacibdir. Bu, yeni həndbolun bərpası və inkişaf etdirilməsi üçün çox böyük iş olacaq”, - deyə o, sözlərini yekunlaşdırıb.
