Gələn il Azərbaycanda gimnastika üzrə keçiriləcək beynəlxalq yarışların təqvimi müəyyənləşib.
İdman.biz xəbər verir ki, siyahıya sonuncu əlavə mayın 1-4-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kuboku olub.
Ümumilikdə ölkədə 7 böyük gimnastika yarışı keçiriləcək. Onların arasında Dünya kubokunun dörd mərhələsi də var.
Mövsümü fevralın 22-23-də Milli Gimnastika Arenasında çıxış edəcək batut və tamblinq ustaları açacaqlar.
Martın 6-9-da paytaxtda idman gimnastikası üzrə Dünya kuboku, aprelin 18-20-də isə bədii gimnastika üzrə Dünya kuboku yarışı təşkil ediləcək.
İyunun 13-15-də keçiriləcək Dünya kuboku mərhələsində iştirak etmək üçün akrobatlar da Bakıya gələcəklər.
Eyni zamanda, ilin ikinci yarısında ölkədə gimnastika üzrə Avropa təqviminə daxil olan turnirlər təşkil ediləcək. Gəncədə aerobika üzrə Avropa çempionatı, eləcə də bu növdə yaş qrupları üzrə Avropa yarışları keçiriləcək.
Onların tarixləri artıq məlumdur. Noyabrın 9-11-də yaş qrupları üzrə yarışlar, 14-16-da isə qitə çempionatı olacaq.
Digər mühüm hadisə ötən il Bakının da ev sahibliyi etdiyi bədii gimnastika üzrə II Avropa kubokudur. Yarış bu dəfə mayın 1-4-də keçiriləcək.
İdman.biz