Fərid Qayıbov: “Əminəm ki, “TeamGym”in populyarlığı artacaq”

Xəbərlər
6 Noyabr 2024 17:02
137
Fərid Qayıbov: “Əminəm ki, “TeamGym”in populyarlığı artacaq”

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələrindən danışıb.

İdman.biz xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında ötən ayı dəyərləndirib.

EG prezidenti oktyabrda keçirilən yarışları xatırladıb: “İl də, oktyabr da çox gərgin keçdi. Bakıda təşkil olunan “TeamGym” üzrə Avropa çempionatı da buna uyğun alındı. Biz “TeamGym”də idmançıların sayının və səviyyəsinin hər il artmasının şahidi oluruq. Yarışın möhtəşəm ab-havasına töhfə verən çox sayda xarici azarkeşləri və tamaşaçıları tribunalarda görmək məni çox sevindirdi. Onlar, harada keçirilməsindən asılı olmayaraq, hər “TeamGym” yarışına gələn sadiq azarkeşlərdir. Onların iştirakı bütün yarışlarımızda təsirli mənzərə yaradır”.

O bildirib ki, bu gimnastikanın bu növünü təbliğ etmək üçün Avropa çempionatına digər qitələrdən də federasiyalar dəvət olunub: “Əminəm ki, “TeamGym”in populyarlığı artacaq və bu növlə maraqlanan ölkələrin sayı böyüyəcək. Bu yarışın gözəl təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına və “TeamGym” Texniki Komitəsinə təşəkkürümü bildirirəm”.

EG prezidenti Beynəlxalq Federasiyanın Dohada keçirilən konqresi haqqında da fikirlərini açıqlayıb: “Bütün hesabatları dinlədikdən sonra Konqresin seçki hissəsinə keçdik. İcraiyyə Komitəsinin və Şuranın yeni seçilmiş üzvlərini, Texniki Komitələrin sədrlərini və üzvlərini təbrik edir, onlara qarşıdakı 4 il ərzində idmanımız üçün görəcəkləri bütün işlərdə uğurlar arzulayıram”.

O, Olimpiya ilinin noyabrda başa çatmasına da toxunub: “Bizi ilin sonuna aparacaq növbəti aylar heç bir böyük hadisə ilə yadda qalmayacaq və gərgin bir ildən sonra bizə fasilə etmək imkanı verəcək. Bu, federasiyalara, idmançılara və məşqçilərə növbəti mövsümə hazırlaşmaq və yeni olimpiya dövrü üçün öz yeni proqramları üzərində işləmək, həmçinin yeniyetmələrdən ibarət komandaların ümumi inkişafı və böyüklərə keçidi üzərində çalışmaq imkanı verəcək”.

İdman.biz