Bədii gimnastika üzrə 31-ci Bakı birinciliyinin ikinci yarış günü başa çatıb - FOTO

12 Sentyabr 2026 12:07
60
Bədii gimnastika üzrə 31-ci Bakı birinciliyinin ikinci yarış günü başa çatıb - FOTO

Bədii gimnastika üzrə 31-ci Bakı birinciliyinin ikinci yarış günü başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın ikinci günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında gimnastlar öz bacarıqlarını nümayiş etdiriblər. Gün ərzində fərdi proqramlarla yanaşı, qrup hərəkətləri komandalarının çıxışları da baş tutub.

Balacalar arasında çoxnövçülük üzrə 2018-ci il təvəllüdlü gimnastların mübarizəsində Humay Əsgərzadə qızıl, Nəsrin Bəşirli gümüş, Amina Bəkirova bürünc medal qazanıb.

2017-ci il təvəllüdlü balacalar arasında Miray Salamzadə birinci, Miray Həsənəliyeva ikinci, Asya Mahmuzadə üçüncü yeri tutub.

2016-cı il təvəllüdlülərin yarışında isə Nazlı Məmmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zeynəb İsmayılova gümüş, Aylin Gözəlova isə bürünc medala sahib olub.

Yeniyetmələr arasında 2013-cü il təvəllüdlü gimnastların çoxnövçülük yarışında Amina Novruzova qızıl medal qazanıb. Güllüzar Şərifova gümüş, Sara Atakişiyeva isə bürünc medal əldə edib.

Yarış gününün sonunda qrup hərəkətləri komandaları da mükafatlar uğrunda mübarizə aparıblar. Balacalar yaş kateqoriyasında “Ocaq 2” komandası birinci, “Ocaq 3” ikinci, “Ocaq 1” isə üçüncü yeri tutub. Yeniyetmələr arasında “Ocaq 3” qızıl, “Ocaq 2” gümüş, “Ocaq 4” isə bürünc medal qazanıb.

Beləliklə, Bakı Birinciliyinin ikinci yarış günü fərdi və qrup proqramları üzrə qaliblərin müəyyənləşməsi ilə yekunlaşıb.

İdman.Biz