Millinin baş məşqçisi: “Azərbaycan çempionatı Dünya kuboku öncəsi sınaqdır”

Müsahibə
15 Fevral 2024 13:26
109
Millinin baş məşqçisi: “Azərbaycan çempionatı Dünya kuboku öncəsi sınaqdır”

“Açıq Azərbaycan çempionatı və Bakı birinciliyi hazırlıq xarakterli yarışlardır”.

Bunu İdman.bizə batut üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin deyib.

O, Bakıda təşkil olunan açıq ölkə çempionatı barədə fikirlərini bildirib: “Apreldə Avropa çempionatı olacaq. Azərbaycan yığması da indi öz yeni kombinasiyalarını nümayiş etdirəcək. Böyüklərdən ibarət komanda üçün bu turnirlər fevralın 23-25-də keçiriləcək Dünya kuboku öncəsi sınaqdır. Bu yarış Olimpiyaya təsnifat xarakterli olacaq. İdmançılarımız lisenziya qazanmağa çalışacaqlar. Onların hazırlığını yoxlayacağıq. Ümumilikdə bütün yeniyetmələr yığmasını da sınayacağıq. Vaxtımız var, apreldə Portuqaliyada keçiriləcək böyüklər və yeniyetmələr arasında Avropa çempionatına hazırlaşacağıq”.

Baş məşqçi gələn il ölkəmizdə beynəlxalq turnirin təşkilinin planlaşdırıldığını bildirib: “Bu yarışlar açıq xarakterlidir. Latviya, Qazaxıstan, Slovakiya və Gürcüstandan qonaqlar gəliblər. Bu, çox xoşdur. Belə açıq çempionat keçiririk ki, ola bilər gələn il beynəlxalq turnir təşkil edək. Ümid edirəm ki, həmin vaxt Bakıya daha çox ölkədən idmançılar gələcəklər. Bu, həmin yarışın kiçik baş məşqidir. Qonaqlar da razı qalıb, yarış da yaxşı keçir. Ümid edirəm ki, Azərbaycan idmançıları yaxşı, layiqli nəticələr göstərəcəklər”.

Millinin çalışdırıcısı qarşıdakı dünya çempionatı barədə fikirlərini də bölüşüb: “Gələn həftə dünya kuboku start götürəcək. Tamblinqdə böyüklərin yarışında 4 gimnast çıxış edəcək. Onlar arasında dünya çempionumuz da var. Yüz faiz deyə bilərəm ki, 1-2-ci yerlərə iddia edəcəyik. Batut gimnastikasında ölkəmizi lisenziyaya iddialı Selcan Mahsudova təmsil edəcək. Onun hazırlığı yaxşı gedir. İnanırıq ki, bu vəzifənin öhdəsindən gələcək. Bundan başqa, yeniyetmələrdən böyüklərə keçən 3 oğlan ilk dəfə dünya kubokunda iştirak edəcək. Onların öz tapşırıqları var ki, kombinasiyalarının öhdəsindən gəlsinlər. Gənclərdən böyüklərə keçmək həmişə çətin olur. Ümid edirik ki, bunu bacaracaqlar. Dünya kuboku Olimpiya təsnifat xarakteri daşıdığından bütün güclülər yarışa qatılacaq. Olimpiya, dünya və Avropa çempionları gələcək. Çox güclü tərkibi olacaq. Hamını yarışa gəlmək, idmançıları, xüsusilə də Selcanı dəstəkləməyə dəvət edirəm. Dəstək önündə çıxış etmək onlara da xoş və asan olacaq”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya İdman Kompleksində start götürən yarış sabah başa çatacaq. Çempionat və birincilikdə 110-dək idmançı qüvvəsini sınayır.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə milli komandasının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (Gürcüstan) gimnastları da qoşulacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: