Goranboy və Sumqayıt gimnastları Milli Gimnastika Arenasında məşqlərə start verib - FOTO

Xəbərlər
8 Fevral 2024 17:14
127
Goranboy və Sumqayıt gimnastları Milli Gimnastika Arenasında məşqlərə start verib - FOTO

Goranboy və Sumqayıt gimnastika bölməsinin üzvləri bu həftə Milli Gimnastika Arenasında təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, bir həftəlik hazırlıqda əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Goranboy Olimpiya Kompleksinin bədii gimnastika bölməsinin məşqçisi Şəms Soltanova hazırlıq prosesində 2013-15-ci il təvəllüdlü 4 idmançının iştirak etdiyini vurğulayıb: “Bölməmiz 2022-ci ildə fəaliyyətə başlayıb. İndi burada artıq 40-a yaxın gimnast hazırlıq keçir. Bakıda texnikanı təkmilləşdirir və müxtəlif hərəkətlərlə işin üzərində çalışırıq. Ümid edirəm ki, faydalı keçən məşqlər idmançılarımıza respublika və beynəlxalq səviyyəli turnirlərdə uğur qazanmaqda kömək olacaq”.

Sumqayıt Olimpiya İdman Kompleksinin bədii gimnastika bölməsinin məşqçisi Fatimə Qurbanova da yetirmələrinin hazırlığı barədə fikirlərini açıqlayıb: “Bölməmiz 2011-ci ildə açılıb. Burada 20-yə yaxın uşaq məşğul olur. Bakıya 6-12 yaş aralığında, müxtəlif təvəllüdlü 6 gimnast gətirmişik. Burada bizə yığma məşqçiləri kömək edir. Hazırlıq yüksək səviyyədə keçir”.

Qeyd edək ki, Goranboy və Sumqayıt gimnastları həftənin sonunadək Milli Gimnastika Arenasında hazırlıq keçəcək.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: