“Bakıdakı Dünya kuboku mənim üçün mövsümün startında yaxşı sınaq olacaq”.
Bunu idman.bizə tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin deyib.
O, fevralın 23-25-də Milli Gimnastika Arenasında keçiriləcək ilin ilk turniri olan Dünya kubokuna hazırlıq barədə danışıb: “Biz təsdiqlənmiş proqram üzrə məşq edirik. Düzdür, mən son günlərdə böyük olmayan fasilə götürmüşəm. Buna səbəb ayağımda narahatçılıq hiss etməyimdir. Amma düşünürəm ki, gələn həftə hazırlığı yenidən tam həcmdə başlayacam”.
Malkin əlavə edib ki, ilin əsas startı aprelin 3-7-də Portuqaliyanın Gimaraynş şəhərində keçiriləcək Avropa çempionatıdır: “Biz hamımız Avropa çempionatına yüksək ruh yüksəkliyi ilə yollanacağıq. Çünki komanda hesabında da qələbə üçün mübarizə aparacağıq. Əlavə motivasiya var. Çünki başa düşürəm ki, həm şəxsi, həm komanda hesabında, ümumilikdə iki medal qazana bilərəm. Birminhemdəki dünya çempionatında əldə olunan zəfəri Gimaraynşda inkişaf etdirmək bizim üçün vacibdir”.
Qeyd edək ki, Bakıdakı tamblinq üzrə dünya kubokunda Maksim Malkin, dünya çempionatının komanda yarışlarının qalibləri Tofiq Əliyev, Adil Hacızadə, həmçinin Hüseyn Abasov və Bilal Qurbanov iştirak edəcək.
Zəki Feyzullayev
İdman.biz