Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun mükafatçıları arasında Tara Draqaş da yer alıb. İtaliyalı gimnast lentlə çıxışda bürünc medal qazanıb, daha sonra isə "Cross Battle" yarışında iştirak edərək dörddəbir finala qədər irəliləyib.
O, Milli Gimnastika Arenasında keçirilən yarışla bağlı təəssüratlarını İdman.Biz ilə bölüşüb.
- Ötən il burada keçirilən Avropa Kubokunda iki gümüş medal qazanmışdınız, bu dəfə isə üçüncü yerə sahibsiniz. Nəticədən razısınızmı?
- İlk olaraq deyim ki, Bakıda çıxış etmək mənə çox xoşdur. Buradakı arena və tamaşaçılar möhtəşəmdir. Amma bu yarış mənim gözlədiyim kimi keçmədi. Çıxışa yaxşı başlamadım, lakin ikinci gün bir qədər yaxşı çıxış etdim və bunun nəticəsində lentlə bürünc medal qazandım. Əgər Cross Battle-da ən azı yarımfinala qədər irəliləyə bilsəydim, nəticə daha yüksək ola bilərdi.
- Keçən həftə Bakıda Dünya Kubokunda çıxış edirdiniz. Avropa Kubokuna hazırlıq necə keçdi?
- Bizim burada iki həftə qalmaq imkanımız oldu. Bu müddətdə çox məşq etdik və gələcək üçün yaxşı potensial gördük.
- Dünya çempionatına qədər konkret planlarınız varmı?
- Düşünürəm ki, hər bir gimnast kimi, mənim də ən böyük arzum Olimpiadada çıxış etməkdir. Bu, əsas məqsədimdir. Digər məsələlərdə konkret planım yoxdur. Məqsədim hər yarışda, hər proqramda daha yaxşı olmaqdır.
- Bu mövsümdəki dörd kompozisiyanızdan birini seçməli olsanız, hansını daha çox sevirsiniz?
- Bu dörd proqramın hamısı ötənilkindən çox fərqlidir və eyni zamanda bir-birindən də seçilir. Ona görə də seçim etmək çətindir, çünki hər birinin özünəməxsus üslubu var.
- Bəs konkret olaraq hansını qeyd edərdiniz?
- Bu il topla olan çıxışımı daha çox sevirəm, çünki çox əyləncəlidir. Onu ifa etməkdən zövq alıram. Topla çıxış edəndə həqiqətən həzz alıram, çünki o, mənim xarakterimin bütün tərəflərini göstərir.
- Yarış zamanı emosiyaları necə idarə edirsiniz və stressin öhdəsindən necə gəlirsiniz?
Düşünürəm ki, bu mənim ən böyük problemlərimdən biridir: yarış zamanı çox düşünürəm və sonra həyəcanlanıram. Mən çıxış etməyi sevirəm, buna görə xalçaya çıxmaqdan qorxmuram, amma emosiyalarımı idarə etməyi hələ də inkişaf etdirməliyəm.
