Azərbaycan gimnastı: “Əsas hədəfimiz böyük beynəlxalq arenalarda yüksək nəticələr qazanmaqdır”

1 May 2026 13:42
108
Azərbaycan gimnastı: “Əsas hədəfimiz böyük beynəlxalq arenalarda yüksək nəticələr qazanmaqdır”

“Çexiyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanan Azərbaycan aerobika gimnastlarının əsas hədəfi bu uğuru davam etdirmək və daha böyük beynəlxalq arenalarda yüksək nəticələr əldə etməkdir”.

Bu barədə komandanın üzvü Xədicə Quliyeva deyib.

İdmançı sözügedən beynəlxalq yarışın onlar üçün çox önəmli olduğunu vurğulayıb.

“Bu həm də yaddaqalan bir təcrübə idi. Çexiyadakı yarışa həm fiziki, həm də psixoloji olaraq maksimum səviyyədə hazırlaşırdıq. Qızıl medal qazanaraq ölkəmizi layiqincə təmsil etdiyimiz üçün böyük qürur hissi duyuruq. Bu qələbə bizə daha da motivasiya verdi və göstərdi ki, doğru yoldayıq. Komandamızın əsas hədəfi bu uğuru davam etdirmək və daha böyük beynəlxalq arenalarda yüksək nəticələr əldə etməkdir”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

X.Quliyeva növbəti yarışlar barədə də danışıb:

“Ölkəmizdə keçiriləcək Dünya Kubokunda və İspaniyada baş tutacaq dünya çempionatında iştirak etməyi planlaşdırırıq. Eyni zamanda, çıxışlarımızı daha da təkmilləşdirmək, çətinlik dərəcəsini artırmaq və yeni proqramlarla çıxış etmək üzərində çalışırıq. Məqsədimiz yalnız medal qazanmaq deyil, həm də ölkəmizi ən yüksək səviyyədə təmsil etməkdir”.

Xatırladaq ki, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət “üçlük” Çexiyada keçirilmiş yarışda qızıl medal qazanıb. Meydan sahibləri ikinci, Slovakiya komandası üçüncü yeri tutub.

İdman.Biz