Fərid Qayıbov: “Beynəlxalq yarışlara ev sahibliyi ölkədə idmanın populyarlaşdırılması üçün vacibdir”

30 Aprel 2026 19:28
153
Fərid Qayıbov: “Beynəlxalq yarışlara ev sahibliyi ölkədə idmanın populyarlaşdırılması üçün vacibdir”

“Azərbaycan böyük idman tədbirlərinə ev sahibliyi etməsi ilə tanınır. Son illərdə ölkədə idman xeyli inkişaf edib”.

Avropa Gimnastikasının prezidenti və Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov bu sözləri Bakıda keçirilən Bədii Gimnastika üzrə Avropa Kubokunun açılış mərasimində deyib.

O, xatırladıb ki, Bakı 2026-cı il Dünya İdman Paytaxtıdır. Nazir həmçinin qeyd edib ki, təkcə bu həftə Azərbaycan üç beynəlxalq yarışa ev sahibliyi edir: 2026-cı il “Prezident Kuboku - 2026” Beynəlxalq Avarçəkmə Reqatası, “Baku Open 2026” Şahmat Festivalı və Bədii Gimnastika üzrə Avropa Kuboku:

“Hər bir federasiyamız il ərzində müxtəlif beynəlxalq yarışlar təşkil edir. Bu, ölkədə idmanın populyarlaşması üçün vacibdir. Dövlət və prezident əhəmiyyətli dəstək verir.

Bu gün dövlət başçısı Avropa çempionatında uğurla çıxış edən və komanda yarışında birinci yeri tutan güləşçilərlə görüşdü. Düşünürəm ki, bu cür dəstək idmançılarımız üçün böyük stimul yaradır”.

Fərid Qayıbov vurğuladı ki, Azərbaycan Gimnastika Federasiyası ölkədə ən fəal idman təşkilatlarından biridir:
“Hər il ən azı dörd-beş beynəlxalq yarışa ev sahibliyi edir. Ölkədə doqquz gimnastika növü populyarlaşdırılır və inkişaf etdirilir. İdmançılarımız Avropa və Dünya Çempionatlarında kifayət qədər yaxşı nəticələr göstərirlər. Bunun üçün əlbəttə ki, Federasiyanın prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirmək istəyirəm”.

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub.

İdman.Biz