Dünya şöhrətli texnologiya mütəxəssisi Tansu Yeğen Azərbaycan milli komandasının üzvü, tamblinqçi Tofiq Əliyevin idman tarixində inqilab edən çıxışını “X” sosial şəbəkəsindəki izləyiciləri ilə bölüşüb. Söhbət gimnastımızın 10 avqust 2025-ci ildə Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında nümayiş etdirdiyi unikal hərəkətdən gedir.
İdman.Biz xəbər verir ki, hazırda “Amplitude” şirkətinin vitse-prezidenti olan Tansu Yeğenin diqqətini çəkən bu kadrlar Tofiqin Əliyevin qlobal miqyasda nə dərəcədə böyük bir uğura imza atdığını bir daha təsdiqləyib. Gimnastımız həmin yarışda gümüş medal qazanmaqla yanaşı, hər bir saltoda 360° tam burulma ilə üçlü geri dönmə elementini - “tam-tam-tam”ı (ing. “full-full-full” və ya “triple full”) rəsmi şəkildə icra edən ilk idmançı kimi tarixə düşmüşdü.
Ötən ilin avqustunda gerçəkləşən bu tarixi hadisənin görüntülərinin indi nüfuzlu texnologiya rəhbəri tərəfindən paylaşılması Azərbaycan gimnastikasının beynəlxalq səviyyədə maraq mərkəzində olduğunun göstəricisidir.
Qeyd edək ki, cari aprel ayında Portuqaliyanın Portimao şəhərində başa çatan batut gimnastikası üzrə qitə birinciliyinin gümüş mükafatçısı olan Tofiq Əliyev bu gün də tamblinq dünyasının ən güclü simalarından biri hesab olunur.
