Azərbaycanın aerobika üzrə millisi cari ildə qazandığı medalların hesabını açıb. Praqada keçirilən turnirdə Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət trio qələbə qazanıb və bu nəticə mövsümün əsas startları öncəsi hazırlıq baxımından yaxşı sınaq olub.
İdman.Biz-ə açıqlamasında millinin baş məşqçisi Marian Kolev Çexiya paytaxtındakı çıxışla bağlı fikirlərini bölüşüb və qarşıdakı yarışlar barədə danışıb: “Praqaya səfər kifayət qədər maraqlı alındı. Bu, ənənəvi turnirdir və güclü iştirakçı heyəti toplayır. Yarışa Bolqarıstan, İtaliya, İsrail, Ukrayna, Macarıstan, Fransa, Almaniya, İsveçrə daxil olmaqla 18 ölkənin komandaları qatılmışdı. Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət triomuz kifayət qədər inamlı çıxış etdi və gərgin rəqabət şəraitində qalib gəldi. İdmançılar mövsüm ərzində təkmilləşdiriləcək yeni kompozisiyalar və proqramlar nümayiş etdirdilər”.
O qeyd edib ki, komanda üçün əsas sınaqlardan biri 5-7 iyunda Bakıda keçiriləcək Dünya Kuboku olacaq: “Keçən il Gəncədə Avropa çempionatında çıxış etdik, indi isə yığma yenidən doğma azarkeşlər önündə Bakıda nömrələrini təqdim etməyə hazırlaşır. Dünya Kubokuna böyük ciddi yanaşma və böyük ümidlərlə hazırlaşırıq. Əsas gözləntilər, əlbəttə ki, qarışıq cütlük - Mədinə Mustafayeva və Vladimir Dolmatovla bağlıdır”.
Bolqarıstanlı mütəxəssis yarışın yeni formatda keçiriləcəyini də vurğulayıb: “Dünya Kuboku təkcə aerobika üzrə deyil, həm də akrobatika üzrə təşkil olunacaq. Bu, tamaşaçılar üçün xüsusilə maraqlı olacaq, çünki onlar eyni vaxtda iki gimnastika növünün nümayəndələrinin çıxışlarını izləyə biləcəklər. Buna görə də Milli Gimnastika Arenasında keçiriləcək tədbir kifayət qədər maraqlı və intriqalı vəd edir”.
Məşqçi əlavə edib ki, cari mövsüm yarışların sayı baxımından əvvəlkindən bir qədər fərqlənəcək.
“Aerobikada dünya və Avropa çempionatları iki ildən bir növbələşmə ilə keçirilir. Keçən il əsas yarış Avropa çempionatı idi, bu il isə bütün diqqət dünya çempionatına yönələcək. Ona hazırlıq çərçivəsində Dünya Kuboku mərhələlərində iştirak etməyi planlaşdırırıq. Bakıdan sonra iyunun sonunda Nançanqda (Çin) mərhələ keçiriləcək, avqustda isə reytinq turnirinə Rumıniyanın Oradea şəhəri ev sahibliyi edəcək
İlin əsas yarışı olan dünya çempionatı sentyabrda Pamplonada keçiriləcək. Orada həmçinin yeniyetmələr arasında dünya çempionatı da təşkil olunacaq. Yeniyetmələr artıq evdə keçirilən Avropa çempionatında beynəlxalq təcrübə qazanıblar. Plan üzrə məşqlərimizi davam etdiririk”, - deyə M.Kolev fikrini yekunlaşdırıb.
