Məşhur azərbaycanlı mütəxəssis, Azərbaycanın futbol üzrə milli komandasının sabiq qapıçılar məşqçisi, hazırda isə Moskva ÇSKA-sında eyni vəzifəni yerinə yetirən Dmitri Kramarenkonun qızı olan rusiyalı gimnast Lala Kramarenko idman karyerasında qazandığı ən böyük mükafat barədə danışıb.
İdman.Biz xəbər verir ki, 21 yaşlı idmançı karyerasının ən böyük qonorarını Olimpiya çempionu Alina Kabayeva tərəfindən təşkil olunan “Səmavi lütf” (“Небесная грация”) yarışında qazandığını bildirib.
“Bu, Alina Maratovnanın təşkil etdiyi “Səmavi lütf” yarışında oldu. Məbləğ 30 min dollar təşkil edirdi”, – deyə Kramarenkonun sözlərini “Mashnasporte” sitat gətirib.
Gimnastın sözlərinə görə, qazandığı pulun bir hissəsini valideynlərinin istirahətinə xərcləyib. Kramarenkonun aldığı ən bahalı əşya isə “Mercedes GLE” avtomobili olub.
Bununla yanaşı, idmançı hazırda peşəkar karyerasını davam etdirmək üçün faktiki olaraq motivasiyasını itirdiyini etiraf edib. Kramarenko sonuncu dəfə mart ayında yarışda iştirak edib və Rusiya çempionatında çoxnövçülük üzrə təsnifat mərhələsini 20-ci pillədə başa vurub.
“Hazırda artıq heç nə məni motivasiya etmir. Uzun fasilədən və zədədən sonra idmana qayıtdığım zaman qarşıma şərt qoyuldu ki, bütün yolu yenidən keçməliyəm. Bir il yarımlıq fasilədən sonra hazırlıq üçün cəmi iki ay yarım vaxtım var idi. Mənə isə bu il nə dünya çempionatına, nə də Avropa çempionatına gedəcəyimi deyəndə motivasiyam demək olar ki, qalmadı. Sanki dünyam dağıldı”, – deyə gimnast qeyd edib.
Kramarenko əlavə edib ki, böyük komandanın və daimi dəstəyin olması mübarizəni davam etdirməsini asanlaşdırardı. Nəticədə yarışlara qayıtdıqdan sonra o, karyerasını nəyin bahasına olursa-olsun davam etdirməyin mənasını görmədiyi qənaətinə gəlib.
Qeyd edək ki, idmançının atası Dmitri Kramarenko vaxtilə Azərbaycan millisində futbolçu kimi çıxış edib, daha sonra isə milli komandada qapıçılar üzrə məşqçi kimi çalışıb. Hazırda o, Moskva ÇSKA-nın məşqçilər korpusunda yer alır.
