Dünən, aprelin 9-da Portuqaliyanın Portimao şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq (akrobatik cığırda) üzrə Avropa çempionatının ikinci yarış günü başa çatıb.
İdman.Biz Portuqaliyadan xəbər verir ki, Azərbaycan idmançıları bütün növlərdə növbəti mərhələyə vəsiqə qazanaraq bir neçə milli nailiyyətə imza atıblar.
Günün nəticələrini təqdim edirik.
Batut gimnastikası
Böyüklər arasında qadınların yarışında Selcan Mahsudova yarımfinala yüksəlib.
Kişilərin yarışında isə Azərbaycan batut tarixində ilk dəfə olaraq eyni anda iki idmançı – Maqsud Mahsudov və Hüseyn Abbasov Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan kişilərdən ibarət yığması (Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev) komanda yarışında Avropa çempionatının finalına yüksəlib. Seçmə mərhələdə idmançılar 5-ci yeri tutaraq İspaniya, Almaniya, Niderland, Danimarka və digər ölkələrin komandalarını qabaqlayıblar.
U-21 kateqoriyasında Nicat Mirzəyev yarımfinala çıxıb.
İkili mini-batut
Azərbaycan tarixində ilk dəfə olaraq yeniyetmələrdən ibarət ikili mini-batut yığması (Ammar Baxşəliyev, Ömər Qasımov, Nikita Kolesnikov, Fərhad Mustafayev) komanda yarışında Avropa çempionatının finalına yüksəlib.
Fərdi yeniyetmələr yarışında isə Ammar Baxşəliyev yarımfinala vəsiqə qazanıb. O, bir gün əvvəl batut gimnastikası üzrə də yarımfinala yüksəlmişdi.
Tamblinq
Tamblinq üzrə Azərbaycan yeniyetmələr yığması (İlham Məsimov, Sənan Rzazadə, Riad Cavadov) komanda yarışında finala yüksəlib.
Xatırladaq ki, yarışlar aprelin 12-dək davam edəcək.
