Bədii gimnastika üzrə XXX Bakı çempionatı yekunlaşıb.
İdman.Biz Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, üç gün davam edən yarışda “Ocaq Sport”, “Grasiya İdman Klubu”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış ediblər.
Yarışda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr (2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə - lent, halqa, top və gürzlərlə öz performanslarını göstəriblər.
Çempionatın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi baş tutub.
Final nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar ilk “üçlük”də qərarlaşıblar.
