Erxan Hüseynov: “Azərbaycanda idman təbabəti sahəsindəki biliklərimi daha da zənginləşdirdim”

Xəbərlər
27 Noyabr 2025 11:20
44
Erxan Hüseynov: “Azərbaycanda idman təbabəti sahəsindəki biliklərimi daha da zənginləşdirdim”

Azərbaycanda idman təbabəti ilə bağlı müxtəlif istiqamətlər geniş şəkildə inkişaf edir. Bu illər ərzində işə bir çox mütəxəssis cəlb olunub.

İdman.Biz-in məlumatına görə, həmin mütəxəssislərdən biri də altı il Azərbaycan Gimnastika Federasiyasında çalışan bolqar fizioterapevt Erxan Hüseynov olub. O, həmin dövrün onun karyerasında tutduğu yerdən söz açıb.

Hüseynov bildirib ki, təklifi 2015-ci ildə alıb:

“Bakıya sınaq müddəti üçün getmişdim, lakin ölkəyə gəldiyim ikinci həftədə artıq Gimnastika Federasiyasından rəsmi təklif aldım. Federasiya hər cür təminat yaratdı, mənim və ailəmin yerləşməsinə də kömək göstərildi. Böyük oğlum uşaq bağçasına gedirdi, kiçiyimin isə o vaxt cəmi on ayı var idi. Beləliklə, biz Bakıda altı il qaldıq”, - deyə E. Hüseynov bildirib.

Mütəxəssis Azərbaycandakı iş təcrübəsini xüsusi məhəbbətlə xatırlayır:

“Həmin dövr mənə çox şey verdi. Komandadan çox şey öyrəndim - bu, dünya səviyyəli idman və təbabətdir. Yığmada çalışmaq böyük məsuliyyətdir və komanda müxtəlif ölkələrdən olan, peşəmizdə tanınmış adlar sayılan mütəxəssislərdən ibarət idi. Federasiya personalın qayğısına xüsusi diqqət yetirirdi: biz müxtəlif təlimlərdə, seminar və kurslarda iştirak edirdik, həm işimizlə, həm də dil öyrənilməsi ilə bağlı tədbirlərə cəlb olunurduq. Aydın idi ki, mənim keyfiyyətlərimə dəyər verirdilər. Müxtəlif növ patologiyalarla qarşılaşırdım. Türkiyə və Avstriyada əldə etdiyim idman təbabəti bazasını Azərbaycanda daha da inkişaf etdirib zənginləşdirdim. İş diapazonu çox geniş idi - müxtəlif hallar, eləcə də müasir müalicə metodları ilə tanış oldum və bunları indi də praktikamda tətbiq etməyə çalışıram”, - deyə fizioterapevt Bolqarıstan “Teleqraf” agentliyinə verdiyi müsahibədə söyləyib.

Hüseynov Azərbaycanda çalışdığı müddətdə Avropa və dünya çempionatlarında yığmanın çıxışları sayəsində çox səyahət etmək imkanı qazandığını xatırladıb:

“Bu, başqa böyük bir üstünlük idi - müasir insan səyahət etməli, digər mədəniyyətləri görməli, müxtəlif insanlarla tanış olmalıdır. Bu, insanı açır, fərd və peşəkar kimi formalaşdırır”, - deyə o qeyd edib.

Altı ildən sonra bolqar fizioterapevt Azərbaycandakı yaşam və peşə mühitinin yüksək səviyyədə olmasına baxmayaraq, vətənə qayıtmaq qərarı verib:

“Biz yenidən ailəlikcə gələcəyimizi müzakirə etdik, çünki əvvəlcədən xaricdə daimi qalmaq niyyətində deyildik. Mənim əsas məqsədim övladlarımın dünyagörüşünü genişləndirmək, onlara dünyanı tanıtmaq və dil öyrənmələrinə kömək etmək idi. Lakin uşaqlar böyüyürdü: böyük oğlum artıq beşinci sinifdə idi, kiçik isə məktəbə getməli idi. Əgər biz Bakıda daha 4–5 il qalsaydıq, geri dönmək mümkün olmazdı, çünki uşaqların mühiti artıq Azərbaycanda formalaşacaqdı. O zaman mən də ölkədə qalmalı olardım. Üstəlik, Bolqarıstanda valideynlərimiz yaşayır və bu amil sonda üstün gəldi”, - deyə E. Hüseynov xatırlayıb.

Onun sözlərinə görə, federasiya əməkdaşlığı davam etdirmək istəyib və hər məsələdə kömək etməyə hazır olub, lakin ailənin şəxsi motivlərini anlayaraq qərarı dəstəkləyib. Hazırda Hüseynov doğma şəhəri Tırqoviştede(Rumıniyada şəhər – red) fəaliyyət göstərir.

Zəki Feyzullayev

İdman.Biz