“Ocağın alovları” adlı Qala şou - FOTO

Xəbərlər
9 Dekabr 2023 18:03
152
“Ocağın alovları” adlı Qala şou - FOTO

Milli Gimnastika Arenasında “Ocaq Sport” Klubunun 10 illik yubileyi ilə bağlı “Ocağın alovları” adlı Qala şou keçirilib.

İdman.biz xəbər verir ki, mərasim videoçarxla başlayıb.

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarının bədii gimnastika üzrə yarışlarının qızıl və bürünc mükafatçısı Mehriban Tağıyeva müxtəlif gimnastika hərəkətlərlə öz nümunəsini göstərib. Daha sonra klubun gimnastı Fərid Ociyev və məşqçisi Səbinə Məmmədova öz nömrələrini tamaşaçılara təqdim ediblər.

Mərasimdə “Ocaq Sport”in kiçik yaşlı gimnastları ilə yanaşı, klubun yetirmələri olan və yığma komandanın heyətində çıxış edən dünya və Avropa çempionatların mükafatçıları, Olimpiya Oyunlarının iştirakçıları, həmçinin Paris-2024-də keçiriləcək Olimpiya Oyunlarının vəsiqə qazanan idmançılar da yer alıb.

Qala gecəsində “alov”ların rəqsi adlı xüsusi nömrə təqdim olunub. Bu rəqs gimnastika növlərinə məxsus fərdi xüsusiyyətləri, güc və gözəlliyi nümayiş etdirir. Hər alov idmanın fərqli bir aspektinə işıq tutaraq, zəngin təcrübə abu-havası yaradır. Sonda “alov”ların bir vəhdət təşkil edərək birləşməsi “Ocaq” ailəsinin simvolu kimi, birliyi və həmrəyliyi əks etdirib.

Möhtəşəm alov göstərisi, qeyd olunan simvolizm, hadisələrin mərkəzindəki birliyin, əməkdaşlığın və bir araya gəlmənin vurğulanması ilə seyrçilərə maraqlı anlar yaşadıb.

Sonda isə Qala şousunun ərsəyə gəlməsində əziyyəti olan xoreoqraflara, xüsusilə Azərbaycan Gimnastika Federasiyasının baş xoreoqrafı Kamil Quliyeva, məşqçilərə, işçi heyətinə və Azərbaycan Gimnastika Federasiyasına dərin minnətdarlıq bildirilib.

Qeud edək ki, “Ocaq Sport” 2013-cü ildə təsis edilib. Bu müddət ərzində klubu idman dünyasında bir çox uğurlara nail olub, gimnastika sahəsində böyük nailiyyətlər qazanıb. Klubun ən vacib göstəricilərindən biri də, hazırda əhatə etdiyi 11 fərqli gimnastika növüdür. Bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, “Team Gym”, Parkur, Gimnastika hamı üçün, Hava gimnastikası və Xüsusi Olimpiya kimi növlər klubun məşq proqramını zənginləşdirir. Bu da, “Ocaq Sport”un uşaqlara geniş idman karyerası qurmasına və hər bir gimnastın öz bacarığını inkişaf etdirməsinə imkan verir.

Banuçiçək Hüseynli

İdman.biz